Ukrayna ordusu son sutka ərzində cəbhənin 6 bölgəsində əks-hücum əməliyyatları keçirib. Rusiyaya qarşı əks-həmlə uğurlu alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
“Rusiya Müdafiə Nazirliyi və digər rus mənbələri iddia edirlər ki, Ukrayna qoşunları Liman istiqamətində, Baxmutda, Avdiv-Donetsk xəttində, Donetsk və Zaporoje vilayətlərinin qərbində, iki ölkə arasındakı inzibati sərhəddə hücum əməliyyatları aparır”, - məlumatda bildirilir.
Təhlildə Ukrayna ordusunun Baxmut yaxınlığında cinahlarda irəliləməyə davam etdiyi qeyd olunur. Bundan əlavə, Rusiya mənbələri Ukrayna qoşunlarının Klişçiivkanın cənub-qərbində irəliləyiş əldə etdiklərini təsdiqləyiblər.
Ruslar isə Minkivka (Baxmutdan 14 km şimal-qərb) və Boqdanivka (Baxmutdan 8 km şimal-qərb) ərazilərində uğursuz hücum əməliyyatları keçiriblər. Onların Xromovo və Berxovka yaxınlığındakı hücum əməliyyatları da nəticəsiz alınıb.
Rus ordusu vəziyyətin kəskinləşməsindən sonra Baxmutun şimal-qərbinə - Dubovo-Vasilivkaya əlavə qüvvələr göndərib.
Bundan əlavə, Opıtne-Vodyane xəttində mövqe döyüşləri davam edir.