ABŞ Hərbi Dəniz Qüvvələri İranın Oman dənizində beynəlxalq sularda iki neft tankerini ələ keçirməsinin qarşısını aldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İran hərbçiləri Oman sahilləri yaxınlığında neft tankerlərindən birinə bir neçə dəfə atəş açıblar.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Maykl Kurilla İran qüvvələrinin tankerlərə hücumu ilə bağlı deyib: “İran Hərbi Dəniz Qüvvələrinin “Richmond Voyager” gəmisinə əsassız təcavüzü və “TRF Moss” gəmisinə hücumu beynəlxalq qanunları və bölgədə trafikin təhlükəsizliyini pozur”.
Ağ Evin Milli Təhlükəsizlik Şurası da Amerikanın Yaxın Şərqdəki müttəfiqləri ilə birlikdə İranın təcavüzünə cavab verəcəyini açıqlayıb.
CENTCOM-un məlumatına görə, İranın hərbi gəmisi Marşal adaları bayrağı altında üzən “TRF Moss” gəmisinə yaxınlaşıb, amma ABŞ-ın “USS McFall” esminesi ora yaxınlaşanda iranlılar uzaqlaşıblar. Missiyaya ABŞ-ın P-8 “Poseidon” dəniz patrul təyyarəsi və MQ-9 “Reaper” pilotsuz təyyarəsi də cəlb olunub.
ABŞ Hərbi Dəniz Qüvvələri təxminən üç saat sonra Baham adaları bayraqlı ticarət gəmisi “Richmond Voyager”dən təhlükə mesajı alıb. Digər bir İran gəmisi beynəlxalq sularda Oman sahillərindən 32 km aralıda olan gəmiyə yaxınlaşaraq, dayanmasını istəyib.
“USS McFall” esminesi mesajı aldıqdan sonra tez bir zamanda ora üzüb. Amma Amerika esminesi gəlməmişdən əvvəl İran qüvvələri “Richmond Voyager”ə bir neçə dəfə atəş açıb. Amerika esminesi gələn kimi İran hərbi gəmisi ərazidən uzaqlaşıb.
İranın ticarət gəmilərini ələ keçirmək səylərinin artmasının ardınca ABŞ tərəfdaşları ilə birlikdə Hörmüz boğazında gəmi və təyyarələrinin patrul xidmətini artırıb.
2021-ci ildən indiyədək İran beynəlxalq sularda 20-yə yaxın ticarət gəmisinə təcavüz və hücum edib, eləcə də ələ keçirib.