“Rusiya taxıl anlaşmasından çıxarsa, Ukrayna gəmilərinə Qara dəniz üzərindən taxıl daşımağa mane olacaq və həmin gəmiləri hədəfə alacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında imzalanan taxıl anlaşmasının müddəti bu ayın 17-də bitir. Rusiya anlaşmanın yerinə yetirilməsi mexanizmindən narazıdır. Kreml iddia edir ki, anlaşmanın ziddinə olaraq taxılın cüzi hissəsi Afrikanın kasıb ölkələrinə çatdırılıb, əsas hissəsi isə varlı Avropa ölkələrinə satılıb. Kremlin bir başqa iddiası isə odur ki, verilən vədlərin əksinə olaraq, Rusiyanın kənd təssərrüfatı məhsullarının Qara dəniz üzərindən satışına əngəllər ortadan qaldırılmayıb.
Əslində, Kreml əvvəlki aylarda taxın anlaşmasından çıxmaq istəyirdi. Ancaq Kreml sahibi Vladimir Putin Türkiyədə prezident seçkisi kampaniyasında rəqibləri ilə mübarizə aparan Rəcəb Tayyib Ərdoğana əlavə problem yaratmaq istəmədi. Seçki arxada qalıb və Kreml birmənalı şəkildə bəyan edib ki, taxıl anlaşmasını uzatmağı planlaşdırmır”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Kremlin anlaşmadan çıxması Ukraynaya problem yaradacaq:
“Ukrayna bu anlaşma sayəsində öz taxılını müxtəlif ölkələrə satmaq imkanına malikdir, bu, az da olsa, büdcəyə əlavə gəlir mənbəyidir. Rusiya anlaşmadan çıxarsa, Ukrayna gəmilərinə Qara dəniz üzərindən taxıl daşımağa mane olacaq və həmin gəmiləri hədəfə alacaq. Məhz bu məsələni müzakirə etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Ərdoğan Zelenskidən sonra Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə aparacaq. Ərdoğan Putini inandırmağa çalışacaq ki, Rusiya taxıl anlaşmasından çıxmasın. Bu anlaşma Ərdoğanın son illərdə xarici siyasətdə qazandığı əhəmiyyətli uğurlarından biri sayılır. Türkiyə lideri gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində mövqelərinin zəifləməsini istəmir”.