Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra yeni nəqliyyat yolları təmin etməyə çalışır. Kreml bu planını həyata keçirməyə çalışarkən, digər yandan da “tərəfdaş” adlandırdığı bir qrup dövləti oyundankənar vəziyyətə salmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri deyirlər ki, Qazaxıstan Rusiyanın strateji olsa da, Kreml yeni layihəsində bu ölkənin imkanlarından istifadə etməməyi qərarlaşdırıb:
“Qazaxıstandan fərqli olaraq, Rusiya Özbəkistan, Qırğızıstan və Türkmənistanla Cənub nəqliyyat dəhlizi ilə bağlı razlaşma əldə edib. Bu dəhliz Qazaxıstandan yan keçəcək. Halbuki Astana Mərkəzi Asiya ilə Xəzər bölgəsini birləşdirən Çinlə Avropa arasında əsas nəqliyyat dəhlizinə iddialıdır.
Astana Qərbin Rusiyaya qarşı sərt sanksiyalarıyla hesablaşır. Astananın bu qərarı Kremli narazı salıb. Ona görə də Kreml yeni layihəsində Qazaxıstanı oyundankənar vəziyyətə salmağa qərar verib. Digər tərəfdən Qazaxıstan-Qırğızıstan sərhədində baş verən gərginlik də Kremlin diqqət mərkəzindədir. Moskva iddia edir ki, bu gərginlik malların daşınmasında fasilələr yaradır. Qəribə durumdur. Çünki Rusiya, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Briliyinin üzvləridir və malların bu ölkələr üzrə daşınmasında problem olmamalıdır”.
Təhlildə vurğulanır ki, Rusiyanın planlaşdırdığı yeni nəqliyyat dəhlizi Qırğızıstanın cənubundan Özbəkistana, oradan da Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənəcək:
“Bundan sonra nəqliyyat dəhlizi Rusiyanın Həştərxan şəhərinə uzanacaq. Kreml hesab edir ki, bu nəqliyyat dəhlizi malların daha qısa müddətdə Rusiyaya çatdırılmasına kömək edəcək. Halbuki Kremlin əsas məqsədi Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşan Qazaxıstanı cəzalandırmaqdır.
Məhsulların yeni marşrutla daha qısa müddətdə Rusiyaya çatdırılacağı şübhə doğurur. Yolda ləngimələr daşınan məhsulların qiymətlərinin artmasına səbəb olacaq. Kremlin qərarı siyasidir. Rusiyanın yeni planı Azərbaycanın da maraqlarına ziddir. Əvvəlki nəqliyyat dəhlizi Türkmənistandan sonra Xəzər dənizi ilə Azərbaycana və mallar buradan dəmir yolu ilə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmalı idi.
Pekinin mövqeyi maraqlıdır. Çin müxtəlif marşrutlara üstünlük verir. Ancaq Rusiya Qazaxıstanı oyundankənar vəziyyətə salırsa, bu, Pekinin də planlarını dəyişdirməlidir. Əgər Pekin Kremlin yeni nəqliyyat layihəsini qəbul edərsə, Pekin də Kreml kimi Qazaxıstana arxadan zərbə vurmuş olacaq. Yeni marşrut Qazaxıstan-Rusiya münasibətlərində suallar yaratmaqla bərabər Astana-Pekin münasibətlərinə də mənfi təsir edəcək”.