10 İyul 2023 23:23
39 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə mübadilə şərtlərinə əsasən, Türkiyənin himayəsində olan “Azov” Alayının beş komandiri Ukraynaya qayıtdıqdan sonra Kreml Ankaranı müqavilələri pozmaqda ittiham edib. Amma Rusiya hakimiyyəti buna qarşı heç bir cavab tədbiri planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti yazır.

Kremlin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Rusiya Türkiyəni tərəfdaş hesab etməkdə davam edir və birgə layihələrdən (xüsusən də qaz qovşağından) imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, “azovçular”ın Ukraynaya qaytarılmasının qaz qovşağı mövzusu ilə heç bir əlaqəsi yoxdur.

“Biz Türkiyə Respublikası ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik”, - Kremlin sözçüsü bildirib.

Eyni zamanda, Peskov əlavə edib ki, Moskva Ankaradan məsələyə aydınlıq gətirilməsini gözləyir və bunu nəzərə alacaq.

İyulun 8-də “Azov”un komandirləri - Denis Prokopenko, Svyatoslav Palamar, Oleq Xomenko, Sergey Volınski və Denis Şleqa Ukraynaya qayıdıblar. Ötən ilin sentyabrında Türkiyəyə təhvil verilən “azovçular” anlaşmaya əsasən, Ukraynada müharibə bitənə qədər orada qalmalı idilər.

“Azov”un baş komandanı Denis Prokopenko ölkəsinə qayıtdıqdan sonra bildirib ki, azadlığa buraxılan beş komandirin hamısı cəbhəyə qayıdacaq və müharibənin başa çatması üçün əllərindən gələni edəcəklər.

Zabitlərin Ukraynaya qayıtması ilə əlaqədar Rusiya Türkiyəni anlaşmanı pozmaqda ittiham edib. Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev deyib ki, Türkiyə neytral ölkədən qeyri-dost ölkəyə çevrilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər