10 İyul 2023 20:58
2 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qadın tələbələr məcburi hicaba riayət etməkdən imtina etdikləri üçün ölkə universitetlərində təhsil almaları qadağan olunur. Ölkədə ən azı 60 qız tələbəyə bu səbəbdən qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.

İngilis nəşri qeyd edir ki, İranda məcburi hicabla bağlı gənc iranlı qadınların həbsi artıb. Məlumatda deyilir ki, qadınlara məcburi hicaba əməl etməyəcəkləri təqdirdə bunun ciddi nəticələr ilə üzləşəcəkləri barədə xəbərdarlıqlar olunur.

“The Guardian” hicabdan imtina etdiyinə görə universitetdən uzaqlaşdırıldıqdan və qadağa qoyulduqdan sonra akademik taleyindən narahat olan doqquz təhsili dayandırılmış tələbə ilə danışıb.

Tehran Universitetin tələbəsi olan bir qız deyib: “Hicab taxmaqdan imtina etdiyimizə görə kütləvi şəkildə universitetə ​​buraxılmırıq, son bir neçə gündə dinc oturaq aksiyalarımıza görə zorakılığa və repressiyaya məruz qalırıq”.

O əlavə edib ki, təhlükəsizlik əməkdaşları qızları zorakılıqla siniflərdən çıxarırlar. Tələbə onu da bildirib ki, universitetin professorlarına da dəstək olduqları üçün hücum edilib və təhsil müəssisəsinə ​​girişləri qadağan olunub.

“The Guardian” vurğulayır ki, ən azı 64 qız tələbə məcburi hicaba riayət etmədiyinə görə dərsdən kənarlaşdırılıb, 3-ü isə qovulub.

Adının açıqlanmasını istəməyən Məşhəd Universitetinin tələbələrindən biri “Guardian”a deyib: “Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyasına görə dəfələrlə fəaliyyətimi müvəqqəti dayandırmışdım. Növbəti semestrdə yenidən təhsilim dayandırılacağına görə dərslərimdən tam bir il geri qalacam. Xaricdə təhsil almaq istəyirəm, amma təəssüf ki, indiki vəziyyəti nəzərə alsaq, gələcəyim qaranlıqdır”.

İngilis qəzeti ona da diqqəti çəkir ki, təhlükəsizlik qurumları universitetlərin yataqxanalara basqın edir, tələbələri etirazçılara və edam məhbuslarına dəstək olaraq sosial şəbəkələrdə paylaşımlar etdiklərinə görə qovurlar.

“Guardian” yazıb ki, tələbələrə kurs qiymətlərinin sıfır olacağı barədə də xəbərdarlıq edilib.

İran İnsan Haqları Mərkəzinin direktor müavini Jasmin Rəmzi söyləyib ki, İran rejimin dinc nümayişlərdə iştirak edən tələbələri təqib etməsinin sənədləşdirilmiş tarixi var:

“Son hadisələr göstərdi ki, İranda universitet nizam-intizam komitələri saxta dinləmələr keçirirlər, burada tələbələr və professorlara cinayətkar kimi rəftar edilir”.

Digər bir tələbə isə bildirib ki, universitetlərdə məhkəməyə bənzər proseslər qurulur. Qadınlar onlara irəli sürülən ittihamlar əsasında təhsildən uzaqlaşdırılır.

“Gözlərini itirmiş insanlar var. Öldürülənlər də var. İranın azadlığı üçün çəkdikləri əziyyətlərlə müqayisədə mənim təhsilimi dayandırmağım heç bir şey deyil”, - tələbə vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər