11 İyul 2023 11:33
7 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfəri bir çox qaranlıq məqamları üzə çıxardı. Təsadüfi deyil ki, səfər başlayan kimi Kremlin sözçüsü Dmitri Peskov “Rusiya Ankara ilə Kiyev arasında gedən danışıqları diqqətlə izləyir” deməklə, Rusiyanın narahatlığını bildirdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, belə narahatlıq üçün ciddi əsaslar var:

“Türkiyə-Ukrayna zirvə görüşünün nətcələri də narahatlığın əsassız olmadığını göstərdi. Beləliklə, Ankara Kiyevə yönəlik üç mühüm addım atdı:

Birincisi, əslirlikdə olan “Azov” komandirlərini Zelenskiyə təhvil verdi;

İkincisi, Ankara ilə Kiyev silah-sursat məsələsində əməkdaşlığın davam etdirəcəkləri haqda razılaşdılar;

Üçüncüsü, Türkiyə Ukraynanın NATO-ya üzvlüyə layiq olduğunu və onun alyansa qəbul edilməsini dəstəklədiyini bildirdi.

Şübhəsiz ki, bunların arasında ən önəmlisi üçüncüdür. Özəlliklə də Şimali Atlantika Alyansının bu gün və sabah Vülnüsdə keçiriləcək sammiti ərəfəsində. Ankaranın ardınca bir sıra NATO üzvü dövlətlər də Kiyevin Üzvlük Fəaliyyət Planı (MAP-Membership Action Plan) mərhələsini keçmədən alyansa qəbulunun mümkünlüyünü bəyan etdilər. İndi Vilnüs sammitində ən gözlənilməz qərarların qəbulu istisna olunmur. NATO üzvlüyünə qəbul məsələsi sadə prosedur olmasa da, hər halda Ukraynanın üzvlüyü ilə bağlı qeyri–standart qərarların qəbulu gözləniləndir. Bunu da geosiyasi vəziyyət diktə edir.

Ukraynanın NATO-ya üzvlüyü baş tutacağı halda, Şimali Atlantika Alyansı Rusiya qarşısında Aralıq dənizi hövzəsindən başlayan və Qara dənizdən keçərək Baltik dənizinədək uzanan bir sipər yaratmış olacaq. Bunun üçün də Ukrayna və İsveçin NATO-ya üzvlüyü zəruridir. Görünür, bu mənada Türkiyənin İsveçin üzvlüyü ilə bağlı razılığı eyni zamanda verməsi təsadüfi deyil. Zaman baxımından üst-üstə düşən addımlar isə bununla yekunlaşmır.

Türkiyə Avropa Birliyinə üzv qəbul olunması məsələsini yenidən gündəmə gətirdi, Vaşinqton isə Ankaraya modernləşdirilmiş F-16 təyyarələrinin veriləcəyini təsdiqlədi. Bütün bunlar baş tutacağı halda Şərqi Aralıq dənizindən başlayaraq Qara dənizdən (əsasən də boğazlar) keçib Baltik dənizinədək uzanan yeni bir geosiyasi zolaq formalaşır ki, bu da təkcə Rusiya deyil, həm də onunla bir sıra ortaq strateji mövqeləri bölüşən Çin, Hindistan və digər Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələr üçün yeni geosiyasi reallıqlar yaratmış olacaq”.

Ərəstun Oruclu qeyd edib ki, belə bir format ilk növbədə Hindistandan başlayaraq Baltik dənizinədək uzanan və birgə Rusiya-Hindistan-İran geosiyasi layihəsi Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizini qapatmış olacaq:

“Bununla yanaşı, digər məsələlər də öz həllini tapa bilər. Bu da Rusiyaya loyallığını qoruyub saxlamağa çalışan bir sıra kontinental Avropa ölkələrini (əsasən də Fransa və Almaniya) həmin məsələdə mövqelərinə yenidən baxmağa məcbur edə bilər.

Beləliklə, Ankara-Kiyev münasibətlərindəki yeni çalarlar gələcəkdə yaranacaq, ABŞ və Britaniya tərəfindən dəstəklənən Türkiyə-Ukrayna-Polşa-İsveç xətti üzrə uzanaraq Avrasiyanın iki qütbü arasında əlaqələrə nəzarət edəcək yeni formatın anonsu hesab etmək olar. Buna isə bir növ “NATO daxilində NATO” da demək olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər