“Tavriya istiqamətində düşmənin ölən, yaralanan və əsir düşənlər baxımından itkiləri çox böyükdür, son sutka ərzində 19 nəfər təslim olub”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Tavriya vilayətinin Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin sözçüsü mayor Valeri Şerşen məlumat verib.
“Son sutka ərzində 19 nəfər təslim olub. Əvvəlki gün isə 10 nəfər əsir götürülüb”, - mayor bildirib.
Şerşen əlavə edib ki, bu, rus ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun aşağı olmasından, ruhdan düşməsindən xəbər verir: “Əlbəttə, bu, bizim tərəfimizdən uğurdur”.
Mayor vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri hücum əməliyyatları keçirir:
“Düşmən Melitopol və Berdyansk istiqamətində bölmələrimizin irəliləməsinin qarşısını almağa çalışır. Düşmən ehtiyatı çıxarmağa məcburdur”.
Onun sözlərinə görə, Marin və Avdiv istiqamətində rusların hücumları davam edir:
“Biz cavab veririk, mövqelərimizi itirmirik. Marin və Avdivdə fəal müdafiədəyik. Vaxtaşırı maksimum səy göstərən düşmənin irəliləməsinə imkan vermirik”.
Onun sözlərinə görə, ruslar Marini tutmaq istəyirlər. Mayor Ukrayna ordusunun addım-addım irəlilədiyini söyləyib.