İsveç Ali Məhkəməsi Türkiyəyə ekstradisiya edilməli olan terrorçularla bağlı mübahisəli qərar verib.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmə bu şəxslərin Türkiyəyə təhvil verilməsinə hüquqi maneələrin olduğunu bildirib.
Sözügedən şəxslərin Türkiyənin ekstradisiyasında israrlı olduğu iki FETÖ üzvü olduğu açıqlanıb.
Məhkəmənin açıqlamasında şəxslərin terror təşkilatına üzvlüyü ilə bağlı kifayət qədər dəlil olmadığı, ekstradisiya qərarı üçün onların İsveç və Türkiyədəki əməllərinin cinayət tərkibinin olmasının lazım olduğu bildirilib.
Ayrıca, Türkiyədə iki nəfərin risk altında olduğu da iddia edilib.
Türkiyəyə ekstradisiya ilə bağlı son qərarı İsveç hökuməti verəcək. İsveç hökuməti bu il Türkiyənin tələblərinə uyğun olaraq sərt antiterror qanunu tətbiq edib.
İsveç rəsmiləri hələlik qərarla bağlı açıqlama verməyib. “Reuters” agentliyi Türkiyənin etirazlarını geri götürməsindən dərhal sonra atılan bu addımın İsveçin NATO-ya üzv olmaq səylərinə mane olacağını yazıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini açıqlamışdı. Bundan sonra məsələnin Türkiyə parlamentinin müzakirəsinə çıxarılacağı bildirilmişdi.