“ABŞ və NATO bütün ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi məsələsində Rusiya ilə danışıqlardan imtina edir, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mümkünsüzlüyünü qanuniləşdirib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında deyib.
“Bütün ziddiyyətlər danışıqlar zamanı həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Münaqişə ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratması üzərində qurulub. Bir daha təkrar edirəm, hamı üçün, o cümlədən Rusiya üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edirlər. Ukraynanın özü, daha doğrusu, hazırkı Ukrayna rejimi danışıqlardan boyun qaçırır. Bu, rəsmi olaraq elan edilib, Ukrayna Prezidenti bu məsələ ilə bağlı müvafiq fərman imzalayıb, danışıqları yasaqlayıb”, deyə Putin bildirib.
O, Rusiyanın danışıqlara hazır olduğunu dəfələrlə bəyan etdiyini, lakin Moskvanın bunu heç kəsə məcbur edə bilməyəcəyini vurğulayıb.
Vladimir Putin afrikalı həmkarlarına bu problemə göstərdikləri diqqətə görə təşəkkürünü çatdırıb və əlavə edib ki, qarşı tərəflə dialoq aparmaq lazımdır.