Qara dənizdə Kerç boğazı yaxınlığında Rusiya tankerinə dron hücumu Kiyevin Moskva üçün son dərəcə vacib olan neft ixracatını vurmağa hazır olduğunu göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti yazır.
“Qara dənizdə Rusiya tankerinə dron hücumu Ukrayna müharibəsində potensial yeni cəbhədən xəbər verir. Kiyev bununla Moskva üçün mühüm önəm kəsb edən neft və yanacaq ehtiyatlarına hücum etməyə hazır olduğuna dair ən güclü siqnal ötürün”, - məqalədə deyilir.
Nəşrin müəllifləri qeyd edirlər ki, Kerç yaxınlığında tankerə hücum Rusiyanın Novorossiysk limanı yaxınlığındakı hərbi-dəniz bazasının dronla hədəfə almasından və oradakı hərbi gəminin vurulmasından sonra baş verib.
Rusiyanın Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyi bugünkü hücum zamanı SIG neft-kimya tankerinə ciddi ziyan dəydiyini təsdiqləyib. Gəminin sahibi 2019-cu ildə Suriyadakı rus qoşunlarını aviasiya yanacağı ilə təmin etdiyinə görə ABŞ-ın sanksiyalarına məruz qalan “Transpetroçart” şirkətidir.
“Politico” qeyd edir ki, Rusiya taxıl sazişindən çıxdıqdan, Ukrayna limanlarına və Dunay çayına raketlərlə hücuma başladıqdan və on minlərlə ton Ukrayna taxılını məhv etdikdən sonra Qara dənizdə təhlükəsizlik vəziyyəti daha da pisləşib.
Bu hücumlardan və iyuldakı blokadadan sonra Ukrayna Rusiya gəmilərinin Qara dənizdə daha təhlükəsiz olmayacaqları ilə bağlı bəyanat vermişdi.