Türkiyənin müdafiə sənayesində son illərdə əldə etdiyi uğurlar dünya mediasının gündəmindədir. Qardaş ölkədəki gəlişmələri yaxından izləyənlər arasında Yunanıstan birinci yerdədir.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın “Pentapostagma” nəşri Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən yazıb.
Yunan qəzeti türk ordusunun arsenalına daxil edilmiş yerli “Kasırga”, “Yıldırım”, “Bora” və “Tayfun” raket sistemlərinə diqqət çəkib.
Nəşr “Kasırga”nın 100, “Yıldırım”ın 150, “Bora”nın 300 və “Tayfun”un 1000 kilometrə çata bildiyini qeyd edib.
“Yuxarıda adlarını çəkdiyimiz raket sistemlərini hipotetik olaraq yerləşdirsək, bütün adalarımızı görə biləcək. Egey birbaşa iki yerə bölünəcək”, - məqalədə bildirilib.
Bundan əlavə, “Pentapostagma” KC135 Türkiyənin hava tankerini də xatırladıb:
“Türkiyə Hərbi Hava Qüvvələri bu tankerin sahibi olduğu üçün havada yanacaq doldurmaq imkanına malikdir”.
Qəzet Yunanıstanın təcili qərarlar verməsinin lazım olduğunu qeyd edib: “Vəziyyəti mümkün qədər tez düzəltməliyik”.
“Pentapostagma” Yunanıstana məxsus hücum helikopterlərinin yerləşdirilməli olduğunu yazıb.
“Kiprdəki dəniz bazasında fövqəladə vəziyyətdə adanı qorumaq üçün bir freqat və sualtı gəminin yerləşdirilməsini də planlaşdırmalıyıq”.
Nəşr həmçinin iddia edib ki, bir yunan diviziyasının 53 ildən sonra yenidən Lefkoşa ətrafına getməsi Ankarada ciddi narahatlığa səbəb olacaq.