Çin və Hindistan arasında Himalay dağlarında sərhəd münaqişəsinin həllinə dair danışıqların 19-cu raundu öncəsi Dehli Ladax bölgəsinin şərqinə 68 minlik canlı qüvvə və çoxlu sayda hərbi texnika göndərib.
Teleqraf.com xəbər verir ki, “Hindustan Times” nəşri Çin və Hindistan arasında hərbi səviyyədə davam etməsi gözlənilən görüşdən əvvəl Ladaxda hərbi fəallığın artdığını yazıb.
Hindistan Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük həcmdə hərbi texnika, o cümlədən 68 min hərbçi, 330 PDM, 90 tank, bir neçə artilleriya sistemi, yer-hava tipli idarəolunan silahlar və radarlar çatdırıb.
Hindistan Hərbi Hava Qüvvələrinin son 3 ildə bölgəyə 9 min ton hərbi texnika ötürdüyü bildirilir.
Hindistan və Çin arasında sərhəd münaqişəsinin həlli üçün 19-cu danışıqların bu ay keçirilməsi planlaşdırılır. Danışıqlarda Hindistan Baş naziri Narendra Modi və Çin lideri Si Cinpinin də iştirakı gözlənilir.
Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı şərti sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə qoyur.
Pekinin “Cənubi Tibet”, Dehlinin “Arunaçal Pradeş” adlandırdığı mübahisəli ərazi 90 min kvadratkilometr sahəni tutur. Eyni zamanda, Dehli Aksay-Çin yaylalarını əhatə edən 38 min kvadratkilometr ərazinin Çin tərəfindən “işğal” edildiyini iddia edir.
Tərəflər uzun illərdir suverenlik mübahisələrini həll edə bilmirlər.