Çin lideri Si Cinpin regional administrasiyaları Sincan-Uyğur Muxtar Bölgəsində “qeyri-qanuni dini fəaliyyətlər”ə effektli nəzarət etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı Urumçiyə səfəri zamanı bölgədə İslamın “çinliləşdirilməsini” daha güclü şəkildə təbliğ etmələrini istəyib.
Cinpin buradakı çıxışında bildirib ki, prioritet hər şeydən əvvəl sosial sabitliyi qorumaq və bu sabitlikdən muxtar bölgənin inkişafını təmin etmək üçün istifadə etməkdir.
“Terrorçuluq və separatizmlə mübarizə”nin gücləndirilməsini tələb edən Çin lideri qanuna hörmət prinsipi ilə ictimai sabitliyin artırılmasının zəruri olduğunu deyib.
Pekin bundan əvvəl Quran, İncil və Buddist Sutraların tərcümələrini Çin Kommunist Partiyasının ideologiyasına uyğun olaraq yenidən yazmaq qərarına gəlib.
BMT və digər beynəlxalq insan haqları təşkilatları Çini muxtar bölgədə müsəlmanları təqib etməkdə və insan haqlarını ciddi şəkildə pozmaqda ittiham edir. ABŞ isə Çini bu regionda müsəlman azlığına qarşı soyqırımı törətməkdə günahlandırır.
Bölgədəki məcburi əmək düşərgələri Çinə qarşı tənqidlərin mərkəzindədir.