Şimali İraq Kürd Muxtariyyətinin Rabitə və Nəqliyyat Nazirliyi bölgədə gərginliyi artıracaq yeni poçt markası buraxıb.
Teleqraf.com xəbər verir ki, dövlət qurumlarında istifadə olunacaq markanın üzərində Kərkükdə qoyulmuş peşmərgə heykəlinin fotosu var.
Dəyəri 5000 dinar olan markanın üzərində qədim türkmən şəhəri ilə bağlı “Kərkük Kürdüstandır” ifadəsi yer alıb.
Regional hökumətdən verilən açıqlamada markanın bölgədə davam edən etirazlar çərçivəsində “Kürdüstan Demokratik Partiyası”na (KDP) dəstək məqsədilə çap edildiyi bildirilib.
Peşmərgə qüvvələri 2014-cü ildə İraq ordusunun Kərkükdə boşaltdığı bazalarında yerləşməyə başlayıb və 3 il ərzində şəhəri nəzarətə götürüb. Regional administrasiyasının 2017-ci ildə təşkil etdiyi “müstəqillik referendum”u və Kərkükün ilhaq cəhdindən sonra mərkəzi hökumətə bağlı qüvvələr həmin il oktyabrın 16-da Kərkükə daxil olub və şəhərdəki peşmərgə varlığına son qoyub. İraq ordusu KDP-nin yerləşdiyi binanı boşaldıb və onu Kərkük Əməliyyat Komandanlığının qərargahına çevirib.
İraq Baş naziri Məhəmməd Şiya əs-Sudaninin əmri ilə bina ötən günlərdə yenidən boşaldılıb və KDP-yə təhvil verilməsi istənilib. Bu qərardan sonra avqustun 25-də başlayan etirazlar çərçivəsində fəallar (ərəblər və türkmənlər) Ərbil-Kərkük yolunu bağlayıblar.
Dünən Kərkükdə bir qrup KDP tərəfdarının aksiyaya müdaxiləsindən sonra qarşıdurma başlayıb. Qarşıdurmanın şiddətlənməsindən sonra şəhərdə komendant saatı elan edilib. Ölənlərin sayının 4-ə, yaralıların sayının isə 15-ə yüksəldiyi açıqlanıb.
Türkiyə xarici işlər naziri Hakan Fidan aranın qarışmasından sonra İraq hökumətindən PKK terror təşkilatının son vaxtlar Kərkükdə artan mövcudluğuna son qoymasını tələb edib.
“Türkmən soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraq siyasətimizin əsas prinsiplərindən biridir’’, - Fidan əlavə edib.