Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımır.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında əksni tapıb.
“Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır. BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”, - bəyanatda bildirilib.
Qeyd olunub ki, qondarma “seçkilər” beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulmasıdır.
“Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkiləri” pisləyir və onu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndiririk”, - bəyanatda deyilir.
“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inanmaqda davam edir”, - Türkiyə XİN-dən bildiriblər.