Şimali Koreya lideri Kim Çen In artıq öz qatarı ilə Rusiya ərazisinə daxil olub, sərhədi keçdikdən sonra Xasan stansiyasına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Məlumatı Rusiyanın dövlət agentliyi “RİA Novosti” təsdiqləyib.
“Kim Çen Inın qatarı Rusiyaya çatıb və Primordan şimala doğru gedir”, - məlumatda deyilir.
Səfərdə Kimi Koreyanın hakim Fəhlə Partiyasının, hökumətin və silahlı qüvvələrin yüksək vəzifəli şəxsləri müşayiət edir.
Xəbərdə Şimali Koreya liderinin gedəcəyi yerlə bağlı təfərrüatlar verilməsə də, Rusiya mediası Prezident Vladimir Putinin bazar ertəsi Şərq İqtisadi Forumunun keçirildiyi Vladivostoka gəldiyini yazıb.
Kim və Putin sonuncu dəfə 2019-cu ilin aprelində Vladivostokda görüşmüşdü. Bu, Koreya liderinin o vaxtdan bəri ilk xarici səfəridir. Kim koronavirus pandemiyası səbəbindən heç yerə səfər etməyib.