16 Sentyabr 2023 09:50
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu şərq və cənubda müdafiəni davam etdirir, həmçinin qismən uğur qazandığı Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatları aparır.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində cəbhədə 24 toqquşmanın baş verdiyini açıqlayıb.

Rusiya qoşunları Baxmut istiqamətində Yaqidnı və Boqdanivkada Ukraynanın müdafiəsini yarmağa uğursuz cəhd göstərib. Öz növbəsində Ukrayna qüvvələri Klişçivkada müsbət nəticənin əldə edildiyi əməliyyat keçirib.

Həmçinin qeyd olunur ki, Ukrayna ordusu Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir, qarşı tərəfi tutduğu mövqelərdən geri çəkilməyə məcbur edir.

“Ukrayna müdafiə qüvvələri Zaporoje vilayətinin Verbovoy və Novoprokopivka rayonlarında qismən uğur qazanıb, düşməni işğal etdikləri mövqelərdən sıxışdırıb çıxarıb və ələ keçirilmiş mövqelərdə möhkəmlənir”, - Baş Qərargahdan bildiriblər.

Ukrayna hərbçiləri Avdiv, Marin və Şaxtyor istiqamətlərində təşəbbüsü əlində saxlayır, rusları sıxışdırır, hücumlar həyata keçirir və əraziləri addım-addım geri alır.

Rusiya qoşunları Marin istiqamətində nəticəsiz hücum əməliyyatları keçirb, burada Ukrayna bölmələrini tutduqları mövqelərdən çıxarmaq üçün 13 uğursuz cəhd göstərib. Bundan başqa, rus ordusunun Urojanıdakı bütün hücumları canlı qüvvə və texnika baxımından ciddi itkilərlə nəticələnib. Sərt müqavimətlə üzləşən ruslar geri çəkilməli olublar.


Müəllif: Mənsur Rəğbətoğlu