“Atlantic Council”in təhlilində F-16-ların satılmayacağı təqdirdə Türkiyənin alternativlərə müraciət edə biləcəyi ilə bağlı ABŞ Prezidenti Co Baydenə xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, analizdə ermənipərəst senator Bob Menendezin cinayətkar əməllərinin ifşa edilməsinin Türkiyə və ABŞ arasında F-16 alış-verişi üçün yeni dövrün başlanğıcı olduğu bildirilib.
Təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Menendezin prosesdən kənarda qalmasının üstünlük olduğunu dediyi xatırladılıb. Mənbə ABŞ-da Türkiyəyə F-16-ların satışının İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirildiyi, amma bunun açıq şəkildə dilə gətirilmədiyinə diqqət çəkib. Eyni zamanda, analizdə qeyd olunub ki, buna böyük ölçüdə mane olan Menendez olsa da, F-16-ların satışı yalnız bu səbəbdən uzanan məsələ deyil.
Hazırda riskin F-16 ilə İsveçin NATO-ya üzvlüyü arasında bir çıxılmaza çevrilməsi olduğu və belə bir vəziyyətdə Türkiyənin başqa yerlərdən döyüş təyyarələri almaq istəyə biləcəyi qeyd olunub. Mənbə iddia edir ki, belə bir durum ABŞ-Türkiyə müdafiə əlaqələrində bir nəsildən də uzun sürəcək qırılmalara səbəb ola bilər.
“Zaman daralır. Türkiyə parlamenti bu həftə fasilədən qayıdıb, vəziyyət nə qədər irəliləyiş olmadan davam edərsə, bir o qədər iflicedici və aşındırıcı ola bilər”, - analizdə deyilir.