Şimali Koreyanın nüvə proqramı və davamlı raket sınaqları qonşusu Cənubi Koreyanı ciddi narahat edir. Seul Pxenyanın digər iki nüvə dövləti - Rusiya və Çinlə artan əlaqələrindən də əndişəlidir. Şimali Koreya lideri Kim Çen Inın bir müddət əvvəl Rusiyaya səfəri və Prezident Vladimir Putinlə müzakirələri Seulda diqqətlə izlənilib. Bundan sonra Çindən böyük heyət Şimali Koreyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində deyilir.
Məqalədə qeyd olunur ki, Moskva və Pekin Pxenyanın Qərblə qarşıdurmasını dəstəkləyir:
“Moskva və Pekinin Şimali Koreyanın nüvə proqramına və raket sınaqlarına iradları yoxdur. Bu durum Cənubi Koreya üçün ciddi təhdid yaradır.
Seul Pekinə çağırış edib ki, Şimali Koreyanı nüvə silahından imtinaya məcbur etsin. Cənubi Koreya rəsmisi Kim Yon Xo bildirib ki, Şimali Koreyaya qarşı Qərb sanksiyaları effektli deyil, çünki Pekin və Moskva Pxenyanın nüvə proqramını dəstəkləyir. Bu, Şimali Koreyaya imkan verir ki, nüvə proqramı və raket sınaqlarını davam etdirsin”.
Mərkəzin ekspertləri hesab edirlər ki, Pekinin Pxenyanı nüvə silahından imtinaya məcbur etmək istəyi yoxdur:
“Əksinə, Şimali Koreyanın Qərblə gərgin münasibətləri Çinin maraqlarına cavab verir. Çünki Qərb və Cənubi Koreyanın Şimali Koreyanı yola gətirmək üçün həmişə Pekinin vasitəçiliyinə ehtiyacı olacaq. Digər tərəfdən, nüvə proqramını genişləndirmək siyasəti Şimali Koreyanın Konstitusiyasında yeni bəndlə vurğulanıb.
Cənubi Koreya təhlükəyə qarşı ABŞ və Yaponiya ilə birgə ittifaq formalaşdırıb. Üç ölkənin liderləri bir müddət əvvəl ABŞ-da görüşüblər. Seulun başqa alternativi qalmayıb. Halbuki Seulla Tokio arasında tarixi məsələlərə görə fikir ayrılıqları var. Ancaq Şimali Koreyanın təhlükəli nüvə proqramı tarixi unutmağı və Seulla Tokio arasında ittifaqı gücləndirməyi diktə edir”.