Fransa Prezidenti Emmanuel Makron Hamburqa səfər edərək, burada Almaniya Kansleri Olaf Şolzla qeyri-rəsmi danışıqlar aparmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, Yelisey sarayı iki lider arasında gözlənilən təmasları “tamamilə yeni fransız-alman formatı” adlandırıb və oktyabrın 9-10-da keçiriləcək görüşdən sonra yekun bəyanatın verilməyəcəyini qeyd edib.
Makron və Şolzun cari gündəmdən kənar mövzuları həll etmək üçün görüşəcəyi deyilir.
Yelisey səfərin qeyri-rəsmi xarakter daşıdığını, o cümlədən Makronun qayıqla Elba boyunca gəzintidə olacağını vurğulayıb.
Səfər zamanı Makronu Fransa hökumətinin 20-yə yaxın üzvü müşayiət edəcək.
İki gün ərzində Makron və Şolz müdafiə sənayesi sahəsində əməkdaşlıqdan tutmuş nüvə enerjisinə qədər iki ölkə arasında fərqlərə səbəb olan bütün mövzuları ətraflı müzakirə edə biləcək.