Pekin Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışsa da, hələlik bu alınmır. Çin lideri Si Cinpin iyunda ABŞ dövlət katibi Entoni Blinkeni Pekində qəbul etmişdi. Bu görüş münasibətlərdə nisbi yumşalmaya yol açmalıydı. Çin rəsmiləri Blinkenlə münasibətlərin müxtəlif istiqamətlərini müzakirə etmişdilər. Ancaq bu səfərdən dərhal sonra ABŞ Prezidenti Co Bayden Cinpini “diktator” adlandırdı. Bununla da münasibətlər yenidən gərginləşdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Pekin Vaşinqtonun münasibətlərin normallaşması vədlərinə inanmır:
“Buna baxmayaraq, Çin ABŞ-la dialoqdan imtina etmir. Pekin Vaşinqtonun Çinə münasibətinin dəyişəcəyinə ümid edir. Buna rəğmən, Çin və ABŞ liderlərinin görüşü hələlik mümkün görünmür. Sonuncu dəfə iki ölkənin lideri ötən il İndoneziyada G-20 sammitində görüşmüşdü.
Liderlərin görüşü baş tutmadığına görə münasibətlərin normallaşması perspektivi yoxdur. Bu arada, Çin Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ “yalan imperiyası” adlandırılıb. Bu, Çin Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinin bəyanatına cavab idi. Dövlət Departamentinin bəyanatında bildirilirdi ki, Çin hər il dezinformasiyanın yayılmasına, xarici mediaların alınmasına və senzuranın güclənməsinə milyardlarla dollar xərcləyir. Pekin bu iddiaları qəbul etmir”.
Məqalədə qeyd olunur ki, gərginliyə baxmayaraq, iki ölkə iqtisadi əlaqələrdən imtina etmir:
“Vaşinqton və Pekin bir-birinə qarşı münasibətdə “gah qamçı, gah kökə” siyasətindən istifadə edir. “The Financial Times” Çin-ABŞ münasibətlərinin gələcəyini Çinin iqtisadi artım tempinin azalması ilə əlaqələndirir. Çinin xarici bazarlara və texnologiyalara çıxışı məhdudlaşıb. Qərb ölkələri Çinin iqtisadi gücünü zəiflətməyə çalışırlar”.