“Fələstin Azadlıq Təşkilatının mərhum lideri Yasir Ərəfatın ermənilərlə bağlı dedikləri ermənilər tərəfindən təhrif edilib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, erməni mənbələri situasiyanı təhrif etməyi və hər şeyi özlərinə sərfəl edən şəkildə təqdim etməyi xoşlayırlar:
“Məsələnin tarixi 2000-ci ilə gedib çıxır, o zaman İsrail mənbələrinin Ərəfatın Yerusəlimin erməni məhəlləsinin İsrailin nəzarətində qalması ilə razılaşdığını yazması ilə başlayıb.
Fələstinin “Əl-Əyyam” qəzetinin məlumatına görə, Ərəfat bu təklifi qəti şəkildə rədd edərək deyib: “Erməni məhəlləsi bizə məxsusdur, biz və ermənilər bir xalqıq”.
Fələstin qəzeti onu da yazır ki, avqustun 25-də Fələstinin Yerusəlimdəki rəsmi nümayəndəsi ilə şəhərin erməni icmasının üzvləri arasında görüş keçirilib, görüşdə ermənilər bəyan ediblər ki, onlar özlərini azad və demokratik Fələstində ərəblərlə şərik hesab edirlər. Söhbət yerli ermənilərin fələstinlilərin ortağı kimi çıxış etdiyi Ərəb-İsrail qarşıdurmasından gedir.
Ərəfatın ən çox istifadə olunan ləqəbi “Fələstin tülküsü” olub. O, bu ləqəbi öz mövqelərini möhkəmləndirmək üçün müxtəlif qrupların və güc mərkəzlərinin maraqları arasında manevr etmək bacarığına görə alıb. Sadə dillə desək, ehtiyacı olanda ermənilərə “qardaş” da deyirdi. Necə deyərlər, şəxsi heç nə yoxdur, yalnız biznes maraqları var.
Erməni təbliğatı isə bunu “Ərəfat ermənilərin qardaşıdır” şəklində formalaşdıraraq bu “məhsul”u İslam, xüsusən də ərəb dünyasında “satmağa” başladılar”.