18 Oktyabr 2023 22:58
8 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Bayden Rusiyanı çəmbərə alacaq üç vacib geosiyasi toqquşma mərkəzinin üçündə də - Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini itirmək üzrə olduğu kimi, Amerika üçün daha bir vacib regionda – Yaxın Şərqdə də ciddi nüfuz itkisinə məruz qalır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, Suriya və Qarabağ problemlərinin həlli üzərində uzlaşma və ortaq fəaliyyət imkanı əldə edən, beləliklə də, Çin və Hindistandan Avropaya quru yolla gedəcək bütün nəqliyyat dəhlizlərinin Qərbin nəzarətinə keçməsinin qarşısını alan Rusiya-Tükiyə-İran triosu artıq HƏMAS-İsrail toqquşmasıyla yenidən körüklənən Yaxın Şərq probleminin çözümündə də təşəbbüsü ABŞ-ın əlindən alır:

“Xatırladım ki, katolik Bayden prezidentlik kürsüsünə əyləşən kimi, 2021-ci ilin martında sevimli dostu Roma papası Frensiskin Yaxın Şərqə, o cümlədən İraqa səfərini və nüfuzlu şiə lider Sistani ilə görüşünü təşkil etməklə, amerikalıların üç dinin təmsilçilərinin bir araya gətirilməsini nəzərdə tutan “İbrahim oğulları” sazişini genişləndirməkdə maraqlı olduğunu göstərmişdi. Ardınca da Ərəb-İsrail dostluğunun yaradılması yönündə fəal addımlar atmağa başlamışdı. Hətta bu danışıqların nəticəsi olaraq, 2023-cü ilin 9-10 sentyabrında keçirilən G-20 sammitində Hindistandan Avropya yeni dəhliz layihəsi də təqdim etmişdi: Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail.

Bu layihənin gerçəkləşməsinə ən böyük maneələrdən biri isə hazırda bütün dünyanın diqqətinin cəmləşdiyi sonuncu ünvan – İsrailin Aralıq dənizindəki limanlarına təhlükə yaradacaq kiçik Qəzza bölgəsi sayılırdı. Hazırda amerikalılar hesab edirlər ki, İsrail HƏMAS-ın 7 oktyabrdakı hücumunu ən qısa müddətdə öz lehinə çevirərək, Qəzzanı tamamilə boşaltmağa, köçürməyə və bununla da Aralıq dənizi sahilindəki limanların təhlükəsizliyini təmin etməyə müvəffəq olacaq.

Savaş başlayan kimi, ABŞ-ın “hərəkət edən hərbi baza” funksiyası yerinə yetirən iki hərbi gəmisini dərhal Aralıq dənizinin şərq sahillərinə gətirməsi də bu məqsədlədir. ABŞ bununla İsraili meydanda tək qoymayacağını göstərir və digər güclərə, xüsusən də İrana açıq mesaj verir ki, İsrailin Qəzzanı təmizləmə əməliyyatına mane olmamalıdırlar”.

Elxan Şükürlü qeyd edib ki, HƏMAS-ın təkbaşına müqavimətinin ABŞ və İsrailin gözlədiyindən daha çox çəkməsi, İslam dünyasında, o cümlədən ərəb ölkələrində ABŞ və İsrailə qarşı artan qəzəb hər iki ölkəylə bütün anlaşmaları dəfn edir.

Ekspert hesab edir ki, Qəzzada baş verənlərdən sonra hansısa ərəb ölkəsi İsraillə anlaşmaya risk etməyəcək:

“ABŞ-ın İsraili dəstəkləməsi fonunda Türkiyə-Rusiya-İran triosunun İsraili hərbi əməliyyatları dayandırmağa çağırması, Fələsin dövlətinin qurulmasını və ikidövlətli həll modelini dəstəkləməsi, ehtimal ki, sünnili-şiəli İslam dünyasını bu geosiyasi savaşda artıq həlledici seçimə məcbur edəcək.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında hərbi əməliyyatları dərhal dayandırmaq və Qəzzaya humanitar yardım göstərmək təşəbbüsünü ABŞ və İngiltərənin bloklaması isə açıqca göstərir ki, İsrail Qəzzada həlledici uğur qazanmayanədək, ABŞ və Avropa əməliyyatların dayandırılmasında qətiyyən maraqlı deyil. Görünən odur ki, indi ərəb ölkələrini öz yanına çəkməkdə və bu coğrafiyaya sülh gətirməkdə arxasında Çinin durduğu Rusiya-Türkiyə-İran triosu daha bir vacib dəhlizdə ABŞ-ı üstələmək və onu regiondan birdəfəlik qovmaq imkanındadır. Bacarcaqlarmı? Onu tezliklə hər kəs görəcək.

Hələlik isə nə Ukraynada, nə Cənubi Qafqazda, nə də Yaxın Şərqdə sülh əldə olunub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər