Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təklifini müzakirə etməyə hazır olduqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, nazir məsələ ilə bağlı Türkiyə ilə əlaqə saxladıqlarını deyib.
“İstənilən konstruktiv təklifi müzakirə etməyə hazırıq. Bu günlərdə eşitdiyim bu təşəbbüsün gərginliyi azaltmaq, vəziyyəti normallaşdırmaq istəyindən qaynaqlandığı bəllidir. Əlbəttə, bu mövzuda təmasda olduğumuz türkiyəli dostlarımızdan nə demək istədiklərini dəqiq eşitmək istərdik.
Biz kimlərinsə maraqlarını digərlərinin maraqları hesabına sırımaqdansa, tərəflərin maraqlarının tarazlaşdırılmasına əsaslanan istənilən yanaşmanın tərəfdarıyıq. Mənə elə gəlir ki, Türkiyənin təklifi belə bir tarazlığa nail olmaq istəyindən irəli gəlir. Biz bunu qiymətləndirmək üçün əməkdaşlığa hazırıq”, - Lavrov vurğulayıb.
Xarici işlər naziri Hakan Fidan bundan əvvəl bəzi ölkələrin Fələstin, bəzilərinin isə İsrail adından qarant rolunda çıxış etdiyi yeni format yaratmaqla hər iki dövlətin tələblərini nəzərə alaraq problemlərin həllini təklif edib.