İsrailin irs naziri Amicay Eliyahu Qəzzaya atom bombası atılmasının seçimlərindən biri olması ilə bağlı tənqid edilən iddiasından geri çəkilib.
Teleqraf.com xəbər verir ki, nazir bunu məcazi anlamda dediyini bildirib.
“Beyni olan hər kəsə məlumdur ki, atomla bağlı ifadələr məcazidir”, - Eliyahu deyib.
Müxalifət lideri Yair Lapid Eliyahunu dediklərinə görə qınayıb və Baş nazir Benyamin Netanyahunu onu dərhal işdən çıxarmağa çağırıb. O, bunu “məsuliyyətsiz bir nazirin qorxunc və çılğın ifadəsi” adlandırıb.
“Qəzzada əsir saxlanılanların ailələrini, İsrail cəmiyyətini incitdi, beynəlxalq mövqeyimizə xələl gətirdi. Hökumətdə ekstremistlərin olması məqsədlərimiz – HƏMAS-ı məğlub etmək və girovları geri qaytarmaq səylərimiz üçün təhlükə yaradır. Netanyahu onu dərhal işdən çıxarmalıdır”.
Baş nazir Netanyahu da Eliyahunun açıqlamasında dərhal reaksiya verərək, onun Qəzzada nüvə silahının tətbiq edilməsi ilə bağlı dediklərini “reallıqdan uzaq” adlandırıb.
“Amicay Eliyahunun sözləri reallıqdan uzaqdır. İsrail və Müdafiə Qüvvələri beynəlxalq hüququn ən yüksək standartlarına uyğun hərəkət edir, biz bunu qələbəyə qədər davam etdirəcəyik”, - baş nazir vurğulayıb.