Ukrayna Prezidenti Vladimir Zelenskinin 2024-cü ildə keçiriləcək seçkilərin ləğvi ilə bağlı arqumentləri mənasızdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Fox News” saytı yazır.
“Düzünü desək, bütün arqumentlər cəfəngiyyatdır. Bir çox ukraynalı Avropa Birliyinə üz tutub, onların köçdükləri ölkələrdəki Ukrayna səfirliklərində və ya konsulluqlarında səs verə bilməmələri üçün heç bir səbəb yoxdur”, - sayt qeyd edir.
Mənbənin iddiasına görə, seçkilərin keçirilməsi üçün vəsaitin olmaması da gülməli arqument kimi görünür: “Çünki Ukraynanın müttəfiqləri bu ölkəyə külli miqdarda pul ayırıblar. Yəqin ki, hakimiyyət bu durumun onun əleyhinə çevrilə biləcəyindən ehtiyatlanır”.
Prezident Zelenski bundan əvvəl 2024-cü ilin martında Ukraynada keçiriləcək prezident seçkilərini “vaxtsız” adlandırıb. Ukrayna lideri hərbi vəziyyət zamanı səsvermənin qadağan olunduğunu, eləcə də parlamentin müvafiq qanunvericilik dəyişikliklərini dəstəkləməsi, Qərbin pul ayırması və müşahidəçilərin səngərlərə getməyə razılıq vermələri halında belə bir fürsətin ola biləcəyini söyləyib.