Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını məhv etmədi. Üstəlik, məlum olur ki, Rusiya iqtisadiyyatı gözlənildiyindən xeyli sürətlə bərpa olunur.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist Yuliya Latınina deyib.
Jurnalist 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə təxminən 110 milyard dollar xərcləməyi planlaşdırdığını söyləyib:
“Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını məhv etmədi, əksinə, mövqeyini dəyişdi. Bir vaxtlar Avropaya satılan neft indi tankerlərlə Çin və Hindistana göndərilir. Sentyabrda Rusiya neft satışından 18 milyard dollar gəlir əldə edib. Putin 2024-cü ildə müharibəyə təxminən 110 milyard dollar xərcləməyi planlaşdırır, bu, büdcənin yalnız açıq hissəsidir. Ukrayna bütün müttəfiqlərindən cəmi 60 milyard dollar ala bilsə, şansı olacaq”.
Latınina qeyd edib ki, Rusiya iqtisadiyyatı bərpa mərhələsini yaşayır:
“Rusiya iqtisadiyyatı bərpa olunur. Böyük şəhərlərdə qərbyönlü təbəqə çətin vəziyyətdədir, amma Rusiya cəmiyyətinin demək olar ki, bütün digər təbəqələri daha yaxşı durumdadır. Rusiya vilayətlərində dilənçi vəziyyətində olan yoxsul kişilər orduya qatılaraq yaxşı pul qazanırlar. Öldürüləndə də ailələrinə heç ağla gəlməyən pullar verilir. Hərbi fabriklərdə maaşlar, işçi çatışmazlığı səbəbindən əmək haqqı da artıb”.