Fransa bu ölkənin mərhum lideri Şarl de Qolun nəvəsinin açıqlamalarından şoka düşüb. Fransanın ən məşhur prezidentinin ailə üzvü Rusiya vətəndaşlığı almaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
60 yaşlı Pyer de Qoll niyyətini bu yaxınlarda Sankt-Peterburqa səfəri zamanı açıqlayıb:
“Rusiya vətəndaşlığı almaq mənim üçün şərəf olardı, sizin ənənəvi dəyərlər - ailə, mənəviyyat uğrunda mübarizə apardığınızı görməyə şadam. Bütün bu dəyərlər Qərb ölkələrində yoxa çıxıb”.
De Qoll Rusiya Prezidenti Vladimir Putini dəstəkləyir və onun ölkəsinin “böyük imkanlar” təqdim etdiyini düşünür. Mərhum liderin nəvəsi Ukraynada müharibənin başlamasında ABŞ-ı günahlandırır, Qərbin uduzan tərəfdə olduğuna inanır.
“Məncə, NATO bu müharəbədə uduzub. Nə NATO, nə də Qərb müharibəni davam etdirə bilər”, - Pyer de Qoll deyir.
RTL radiosunun şərhçisi Alba Ventura Pyerin açıqlasına “General de Qoll məzarında fırlanır” şərhini verib.
Qolun nəvəsi rusiyapərəst fikirlərini onunla əsaslandırır ki, babası heç vaxt Rusiya ilə münaqişədə olan ölkəylə ittifaqa girməzdi. O, buna görə Emmanuel Makron hökumətinin siyasətini tənqid edib.
Mərhum generalın digər nəvəsi İv De Qoll dediklərinin qardaşı Pyerin şəxsi fikri olduğunu, ailəsinin mövqeyini əks etdirmədiyini söyləyib.