30 Noyabr 2023 13:36
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ABŞ-ın dialoq çağırışına mənfi cavab verib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın çağırışına cavab Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsi sədrinin müavini Kim Yo Çendən gəlib.

Kim bildirib ki, ölkəsinin casus peykinin buraxılmasından sonra keçirilən BMT Təhlükəsizlik Şurasının iclası BMT-yə üzv bəzi dövlətlərin Şimali Koreyanın suveren hüquqlarını inkar edən məntiqsiz arqumentlərinin nə qədər zəif, yanlış və absurd olduğunu açıq şəkildə nümayiş etdirib:

“Bir daha Şimali Koreyadan dialoqun bərpası üçün vaxt və gündəlik istəyən ABŞ-a müraciət edirik. Müstəqil dövlətin suverenliyi heç vaxt müzakirə edilə bilməz. Ona görə də Şimali Koreya ABŞ-la heç vaxt üzbəüz danışıqlara getməyəcək”.

Kim beynəlxalq sülh və təhlükəsizliyə əsas təhlükənin Şimali Koreyanın suveren hüquqlarını həyata keçirməsindən yox, ABŞ-ın onu pozmağa və təzyiq altında saxlamağa yönəlmiş kobud və özbaşına əməllərindən qaynaqlandığını deyib:

“Şimali Koreya öz suveren hüquqlarını qorumaq və inkişaf etdirmək üçün səylərini davam etdirəcək”.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bundan əvvəl Şimali Koreyanın kəşfiyyat peykinin buraxılmasının müzakirə olunduğu BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Vaşinqton Pxenyanı ilkin şərt olmadan bütün məsələlərdə dialoqa çağırır. Tomas-Qrinfild qeyd edib ki, dialoq üçün vaxt və mövzunu müəyyən etmək Şimali Koreyanın seçimindən asılıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər