BMT Təhlükəsizlik Şurasında Somaliyə silah embarqosunun ləğvi ilə bağlı qətnamə layihəsi səsə qoyulub.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi yekdilliklə qəbul edilib.
Qərarın əsas məqsədi “Əş-Şəbab” Hərəkatından gələn təhlükəni azaltmaqdır.
Qərarda “Əş-Şəbab”ın Somali və bölgənin təhlükəsizliyinə davam edən təhdidinin narahatlıqla qarşılandığı bildirilib.
Somalinin BMT-dəki daimi nümayəndəsi Əbukar Dahir Osman səsvermədən sonra qərarın ölkəsinin təhlükəsizlik təhdidləri ilə mübarizəsinə töhfə verəcəyini deyib.
BMT Təhlükəsizlik Şurası ordunun silah-sursat və bomba hazırlamasında istifadə olunan materiallarının “Əş-Şəbab”ın əlinə keçməsinin qarşısını almaq məqsədilə 1992-ci ildən Somaliyə silah embarqosu tətbiq edirdi.
“Əş-Şəbab” Somalidə hökuməti devirmək üçün mübarizə aparan silahlı təşkilatdır. 2011-ci ildən etibarən ölkənin cənubunun çox hissəsinə nəzarət edir. Həmin bölgələrdə sərt şəriət qanunları tətbiq olunur. Məlumata görə, “Əş-Şəbab”ın təxminən 15 minlik canlı qüvvəsi var. Təşkilatın hazırkı lideri Əhməd Ömərdir.