22 Dekabr 2023 00:48
6 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın “Avrasiya İqtisadi Birliyinə sevgisi” qəfil alovlanıb. Hətta birliyin Sankt-Peterburqdakı sammitinə də getməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, birdən-birə bu qərara gəlməsi və Ermənistanın gələn ildən etibarən AİB sədri postunu tutması istəyi təsadüfi deyil:

“Məsələ budur ki, dekabrın 25-də Peterburqda İranla Avrasiya İqtisadi Birliyi arasında azad ticarət zonasının (ATZ) yaradılması haqda sazişin imzalanması gözlənilir. Ermənistan tərəfinin marağı ondan ibarətdir ki, İranla sərhəd mövqeyindən istifadə edərək Avrasiya İqtisadi Birliyi və cənub qonşusu arasında bir növ “əsas təmas zonası”na çevrilsin.

Ötən gün Ermənistanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı da məhz bununla bağlıdır.

İran israr edir ki, Ermənistan 3+3 formatında fəal iştirak etsin - region ölkələri ilə əlaqələrinin artırılması və regiondankənar oyunçuların Cənubi Qafqazdakı proseslərə təsirinin azaldılması baxımından.

Bildiyiniz kimi, İrəvan son vaxtlar Qərblə təmaslarını o qədər intensivləşdirib ki, hətta ABŞ-nin gömrük və sərhəd mühafizə xidmətlərinin nümayəndələri Ermənistana səfər edib, orada sərhəd təhlükəsizliyi baxımından əməkdaşlıq imkanları müzakirə olunub, Avropa Birliyi isə Ermənistandan keçən kommunikasiyaların bərpasına maraq göstərir.

Tehran öz sərhədində “qeyri-dost ölkələr”in fəaliyyətindən təşvişə düşməyə bilmir. Bu səbəbdən də Tehran İrəvanı regiondankənar dövlətlərlə yox, regional ölkələrlə məhsuldar münasibətlərin qurulmasına daha çox diqqət yetirməyə çağırır.

Bəs Ermənistanın hələ də blokadada olduğu bir şəraitdə İran üçün necə rabitəçi ola bilər?”.

İlqar Vəlizadə Ermənistanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsinə də diqqət çəkib:

“Sülh qovşağı” piardan başqa bir şey deyil. İran bunu yaxşı başa düşür. Ona görə də Tehran üçün Rəşt-Astara dəmir yolu və Zəngəzur dəhlizinin İran hissəsi bu gün Avrasiya İqtisadi Birliyi ilə əlaqəni artırmaq baxımından daha üstün görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər