Rusiyanın nizamlanma üzrə çoxtərəfli məsləhətləşmələrin çağırılması təşəbbüsü ikinci mərhələdə Fələstin hərəkatlarının nümayəndələrini dialoqa cəlb etməyi nəzərdə tutur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiya Fələstinin birliyini təmin etmək məqsədilə yanaşmaları sinxronlaşdırmaq üçün çoxtərəfli məsləhətləşmələr çağırmaq təşəbbüsü irəli sürüb. İkinci mərhələdə Fələstinin əsas hərəkatlarının nümayəndələrinin dialoqa cəlb edilməsi planlaşdırılır. Təklifimiz masada qalır”, - Lavrov bildirib.
Eyni zamanda, Rusiyanın baş diplomatı Fələstin hərəkatlarını Fələstin Azadlıq Təşkilatının (FAT) platformasında birləşməyə çağırıb.
Lavrov həmçinin qeyd edib ki, Rusiya Fələstin hərəkatlarının nümayəndələri ilə təmaslarda Fələstin dövlətinin yaradılması perspektivləri üçün parçalanma təhlükəsini izah edir.
Türkiyə xarici işlər naziri Hakan Fidan da oktyabrın 7-də HƏMAS-İsrail savaşının başlamasından sonra münaqişənin həlli ilə bağlı qarant təklifi irəli sürüb.
Onun sözlərinə görə, İsrail ikidövlətli həll yoluna məcbur edilməlidir.
“Fələstinə qarant olacaq ölkələr bölgədən olmalıdır. Digər ölkələr İsrail üçün qarant olmalıdır. Razılaşma əldə edildikdən sonra qarant ölkələr də məsuliyyəti öz üzərinə götürməlidir”, - Fidan vurğulayıb.