Yəmənli husilərin (“Ənsarallah” qruplaşması) Qırmızı dənizdə ticarət gəmilərinə hücumları yeni müharibəyə səbəb olmadan dayandırılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu İtaliya müdafiə naziri Qvido Krozetto deyib.
Onun sözlərinə görə, İranın dəstəklədiyi qruplaşma ticarət gəmilərinə hücumlarının sayını artırıb.
“Bu, böyük problemdir. Bu, digər qarşıdurmaların nəticəsidir. İndiki zamanda üçüncü müharibə cəbhəsi açmaq istəməzdim”, - Krozetto Ukrayna və Qəzzada davam edən münaqişələrə istinadla vurğulayıb.
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl bildirib ki, husilər tərəfindən Qırmızı dənizdə beynəlxalq gəmi xətlərinə atılan 21 PUA zərərsizləşdirilib. Dronlar ABŞ və Britaniya qüvvələri tərəfindən vurulub. Bu, noyabrın 19-dan bəri “Ənsarallah”ın bölgədə 26-cı belə hücumu olub.