Fransa qoşunlarının Nigerdən çıxarılması ölkədə terrorizmlə mübarizəyə faydalı təsir göstərib.
Teleqraf.com xəbər verir ki, bunu Niger müdafiə naziri, general Salifu Modi deyib.
“Fransız qoşunları Nigeri tərk edib, sonuncu hərbçilər dekabrın 22-də çıxıblar. Bunun ölkəmizin təhlükəsizliyinə təsirinə gəlincə, qeyd edim ki, qoşunların çıxarılması bir tərəfdən terrorizmə qarşı apardığımız mübarizənin mənzərəsini aydın görməyə, digər yandan isə öz iradəmizi reallaşdırmağa imkan verdi. Geri çəkilmələrinin terrorla mübarizəmizə müsbət təsir etdiyini söyləmək olar”, - general bildirib.
Modi onu da söyləyib ki, Niger Rusiya ilə birlikdə silahlı qüvvələrinin artırılması üçün tezliklə fəaliyyətə başlayacaq.
Ötən il iyulun 26-da Nigerdə Prezident Qvardiyasının bir qrup hərbçisi qiyam qaldıraraq, Prezident Məhəmməd Bazumu vəzifəsindən uzaqlaşdırıb. Bundan sonra rəhbərlik qiyamın lideri, qvardiya komandiri Əbdürahman Çianiyə keçib. Xunta rejiminin ilk tələbi Fransa səfirinin ölkədən çıxarılması olub və Parislə hərbi müqavilələr ləğv edilib. Fransa bir müddət dirənsə də, sentyabrda səfirini geri çağırıb.
Qoşunların çıxarılması oktyabrda başlayıb. Fransız qoşunları Nigeri dekabrın 22-də tamamilə tərk edib.