22 Yanvar 13:47
4 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənli husilərin (“Ənsarallah” qruplaşması) Qırmızı dənizdə ticarət gəmilərinə davamlı hücumları dünyada yanacaq və ərzağın qiymətlərinə təsir edib. Husilərin hücumlarından ən çox əziyyət çəkən ölkələrdən biri də Çindir. Qırmızı dənizdə Çin şirkətlərinə məxsus malların daşınmasına risklər artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, son gəlişmələrdən sonra Çin gəmilərinin Süveyş kanalından istifadəsi minimuma endirilib:

“Çinin nəhəng daşıma şirkətlərindən COSCO gəmilərinə İsrail limanlarına yaxınlaşmamaq barədə təlimat verib. Bu, Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin (Orta Dəhliz) Yaxın Şərq qolunu təhlükə altına alır. Pekin layihənin reallaşması məqsədilə İranla Səudiyyə Ərəbistanını barışdırmışdı. Ancaq Yaxın Şərqdəki hazırkı gərginlik və müharibələr Pekinin planlarına zərbə vurub.

Çin xarici işlər naziri Van Yi mövcud durumu dəyişmək məqsədilə Afrika ölkələrinə səfər edib. Yi Misirdə deyib ki, Çin dünyadakı münaqişə ocaqlarının söndürülməsində konstruktiv rol oynamaq istəyir. Ancaq bu, hələlik alınmır. Məsələn, husilərin hücumları Çinə mənfi təsir etsə də, Pekin İranın siyasi-hərbi dairələrinin Yəmən qruplaşmasını bundan çəkindirməsi üçün heç nə etmir. Əksinə, İranın ali dini lideri (Əli Xameneyi) husilərin mübarizəsinə dəstək verdiyini açıqlayıb”.

“Atlas” Pekinin Vaşinqtonun Qırmız dənizdə azad ticarəti təmin etmək məqsədilə formalaşdırdığı ittifaqa qoşulmadığını da vurğulayır:

“Pekin ABŞ və Böyük Britaniyanın husilərin Yəməndəki mövqelərinə zərbə endirməsini tənqid edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər