Böyük Britaniya parlamentinin hakim Mühafizəkarlar Partiyasının bir qrup üzvü seçkilərə qədər Baş nazir Rişi Sunakın istefasına nail olmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times” qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.
Nəşr yazır ki, etirazçı qrup parlamentin bəzi üzvləri ilə birlikdə Sunakı vəzifədən uzaqlaşdırmaq planı hazırlayır. İddiaya görə, keçmiş daxili işlər naziri Suella Braverman yeni baş nazirin seçilməsinin zəruriliyinə əmin olanlar arasındadır.
“Times” bildirir ki, Mühafizəkar deputatlarla yanaşı, əvvəllər Britaniya hökumətində çalışmış keçmiş siyasi müşavirlər də Sunakın vəzifədən uzaqlaşdırılması planları üzərində işləyirlər.
“Etirazçıların motivasiyalı, təşkilatlanmış və dərin cibləri olan tərəfdarları var”, - məlumatda deyilir.
Nəşrin yazdığına görə, Sunakın rəqibləri vəziyyətin onun üçün daha da pisləşəcəyinə əmindirlər.
Baş nazirin opponentlərinin strategiyası partiyadaxili mübarizə prosesinə başlamaq üçün üç ay ərzində Mühafizəkarlar Partiyasından kifayət sayda deputatın dəstəyini qazanmaqdır.
“YouGov” araşdırma şirkətinin son sorğusuna görə, Britaniya vətəndaşlarının 70 faizi Baş nazir Rişi Sunak haqda mənfi fikirdədir, yalnız 21 faiz onun fəaliyyətini bəyənir. Bu, Sunakın baş nazir kimi bütün fəaliyyəti dövründə ən aşağı göstəricidir.
Yanvarın əvvəlində Sunak demişdi ki, ilin ikinci yarısı üçün Britaniyada yeni seçki planlaşdırılıb.