SSRİ Əfqanıstanda məğlub olmadı, qoşunların bu ölkədən çıxarılması o vaxtkı sovet rəhbərliyinin Qərbə güzəştlərinin nəticəsi idi.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 35-ci ildönümünə həsr olunmuş dəyirmi masada çıxış edən Narışkin amerikalıların 2021-ci ilin avqustunda bu ölkədən geri çəkilmələrini “biabırçılıq” adlandırıb. Onun sözlərinə görə, ABŞ Əfqanıstanı orada çoxlu sayda silah və hərbi texnika qoyaraq, eləcə də ona güvənən əfqanları taleyin ümidinə buraxaraq tərk edib.
“Bu baxımdan, ölkəmizin (SSRİ) Əfqanıstanda məğlub olduğunu söyləməyə ehtiyac yoxdur.
Sovet qoşunlarının məhdud kontingentinin çıxarılması qərarı ilk növbədə siyasi idi, birtərəfli güzəştlər deyilən məntiqlə qəbul edilmişdi. Başqa bir məsələ də budur ki, Qərbdə bu güzəştlər dialoqa dəvət kimi yox, SSRİ-nin o vaxtkı rəhbərliyinin zəifliyi kimi qəbul olunmuşdu”, - Narışkin vurğulayıb.