21 Mart 15:26
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti martın 17-19-da Belçikada səfərdə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti Avropa Birliyinin (AB) bir sıra rəsmiləri ilə görüşüb. Avropa Şurası prezidentinin baş müşaviri Saymon Mordu ilə enerji, nəqliyyat və Mərkəzi Asiyada sabitliyin qorunması məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Türkmənistanla AB arasında Tərəfdaşlıq və Əməkdaşlıq Protokolu imzalanıb. Əslində, AB ilə Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün hüquqi bazanı təmin edən belə bir layihə hələ 1998-ci ildə imzalanıb. Amma Türkmənistanda insan haqları ilə bağlı problemlər səbəbindən Avropa Parlamenti onu ratifikasiya etməyib.

Səfər çərçivəsində tərəflər arasında siyasi, diplomatik, ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulub.

Türkmənistan nümayəndələri Belçika və Lüksemburq xarici işlər nazirləri Hadja Lahbib və Xavyer Bettellə də danışıqlar aparıb. Amma təfərrüatlar açıqlanmayıb.

AB rəsmiləri ilə yanaşı, Avropa ölkələrinin iş adamları ilə görüşlər keçirilib, enerji, investisiya və ticarət məsələləri müzakirə edilib. İş adamları Türkmənistana sərmayə qoymazdan əvvəl sərmayələrinin təhlükəsizliyi üçün təminat istəyib.

Digər məsələlərlə yanaşı, Türkmənistan tərəfi müxtəlif sənaye sahələri üçün avadanlıqların tədarükü, rəqəmsallaşma sahəsində əməkdaşlıq və bu ölkədə Avropa şirkətlərinin xidmət mərkəzlərinin açılmasında maraqlı olub.

Yalnız iki Avropa rəsmisi - AB-nin beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yutta Urpilaynen və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Türkmənistan nümayəndələri ilə görüşləri barədə məlumat verib.


Müəllif: Mənsur Rəğbətoğlu