26 Aprel 18:45
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev Azərbaycanda insan alveri və ona qarşı aparılan mübarizə ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Azərbaycanda insan alverinin durumunu və ona qarşı mübarizənin səviyyəsini necə qiymətləndirmək olar?

-Azərbaycanda dövlət səviyyəsində insan alverinə qarşı çox güclü mübarizə aparılır. Ölkəmizdə insan alverçilərinə qarşı barışmaz münasibət mövcuddur. Digər qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası mövcuddur. Daxili İşlər Nazirliyi hər il Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası ilə birgə müxtəlif tədbirlər həyata keçirir. İnternat evlərində, peşə liseylərində, kolleclərdə və digər təhsil ocaqlarında tədbirlər keçirilir ki, bu da yeniyetmə və gənclərin maariflənməsinə böyük töhfədir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi də hər il onlarla QHT-nin insan alverinə qarşı hazırladıqları layihələri maliyyələşdirir. Bilirsiniz ki, Azərbaycanda insan alverinin qurbanları üçün müavinətlər mövcuddur. 2004-cü ildə insan alverinə qarşı Daxili İşlər Nazirliyinin nəzdində Baş İdarə yaradılıb. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator təyin edilib. Bu şəxs daxili işlər nazirinin birinci müavinidir. Milli Koordinator parlamentdə hər il hesabat verir. İnsan alveri qurbanları üçün Daxili İşlər Naziriyiyinin nəzdində sığınacaq var. ABŞ Dövlət Departamentinin, BMT miqrasiya təşkilatlatının, ölkəmizdəki səfirliklərin nümayəndələri həmin sığınacaq mərkəzində olublar və etiraf ediblər ki, bura regionda insan alveri qurbanları üçün tikilmiş ən mükəmməl mərkəzdir. Mərkəzin 5 ulduzlu otel görünüşü vardır. Burada yaşamaq üçün hər cür şərait mövcuddur. Mərkəzdə qalanlar gün ərzində azı 3 dəfə qidalanma ilə təmin olunurlar. Buranın sakinləri müxtəlif peşə sahələrinə yönəldilir. Mərkəzdə kompyuter, xalçaçılıq və digər sahələr üzrə kurslar mövcuddur. Sığınacaqda yaşayanlar burada müxtəlif peşələrə yiyələnirlər ki, bu da onlara sonradan iş tapmaqda kömək olur.

- İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının yeni tərkibi və rəhbərliyi seçildi, siz koalisiyanın sədri seçildiniz. Koalisiya hansi fəaliyyətlə məşğul olacaq?

- İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 45 təşkilatdan ibarətdir. Buradakı hər bir təşkilat insan alverinə qarşı il ərzində müxtəlif tədbirlər həyata keçirir, layihələr icra edirlər. Təşkilatlardan bəzilərinin Bakıda və ya rayonlarımızda sığınacaq mərkəzləri var ki, burada şiddətə məruz qalan qadınlar, atılmış uşaqlar yaşayırlar. Həmin sığınacaqlara Daxili İşlər Nazirliyi dəstək verir. Sığınacaqların salınması, standartlara uyğun qurulması, təhlükəsizliyinin təmin edilməsi Nazirliyin diqqətindədir. Koalisiyada təmsil olunan hüquqşünaslar insan alveri qurbanlarının məhkəmələrdə müdafiəsini təşkil edirlər. QHT Koalisiyasındakı təşkilatların fəaliyyətləri koordinasiyalı şəkildə həyata keçirilir. Onlar öz fəaliyyətləri barədə Daxili İşlər Nazirliyinə də məlumat verirlər. Eyni zamanda QHT rəhbərləri dövlət qurumlarının keçirdikləri konfranslara qatılaraq gördükləri işlər barədə iştirakçıları bilgiləndirirlər, onların hazırladıqları video-çarxlar nümayiş etdirilir. Milli Məclisdə müxtəlif səviyyələrdə keçirilən iclaslarda bizim təşkilatların nümayəndələri də iştirak edir və təkliflər irəli sürürlər. Qeyd etdiyim kimi, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasındakı təşkilatlar QHT-lərə Dövlət Dəstəyi Agentliyindən də maliyyə dəstəyi alaraq layihələr həyata keçirirlər.

QHT Koalisiyasının yeni təkibi formalaşıb. 11 nəfərdən ibarəd İdarə Heyəti yaradılıb. Sədr, sədr müavini və katib var. Koalisiyanın tərkibində yeni idarəetmə üsulu yaradılacaqdır. Hər bir sahə üzrə koordinatorun təyin olunacağını düşünürəm. Hesab edirəm ki, QHT Koalisiyası və Baş İdarənin birgə əməkdaşlığı sayəsində insan alverinə qarşı çox uğurlu işlər həyata keçirilir.

- İnsan alverinə qarşı mübarizə çərçivəsində bu günə qədər 6 və 10 bölmədən ibarət olmaqla iki serial çəkilib. Bu kimi çəkilişlərin davamı olacaqmı?

- İnsan alverinə qarşı təkcə bukletlər, broşürlər hazırlamırıq, həm də sosial-çarxlar, filmlər, seriallar çəkirik. Düşünürəm ki, təqdim etdiyimiz materialların çox böyük təsir imkanları var. Ərsəyə gətirdiyimiz 6 bölmədən ibarət “İfşa” və 10 bölməli “İfşa-çətin hədəf” serialı təkcə ölkəmizdə deyil, xaricdə də böyük marağa səbəb oldu. Türkiyə mətbuatı seriallarımız barədə məlumat yaydı. ABŞ səfiri seriallarımıza baxdığını və çox bəyəndiyini bildirdi. Seriallarda Azərbaycan polisinin insan alveri və narkomaniyaya qarşı mübarizə tədbirləri öz əksini tapıb. Sosial səhifələrdə, saytlarda yayımlanan sosial-çarxlarımız da çox maraqla qarşılanıb. Düşünürəm ki, minlərlə, yüz minlərlə insanın baxdığı filmlərimiz insan alverinə qarşı mübarizədə çox təsirli silahdır. Artıq yeniyetmələrimiz və gənclərimiz insanların insan alverinin qurbanına necə çevirildiyini bilirlər, onlar məlumatlıdırlar və tədbirlidirlər. Belə serialların, sosial-çarxların çəkilişlərini davam etdirmək niyyətindəyik. Azərbaycan dövlətinin, polisinin gücünü göstərən serialımız üçün senarrilər hazırlanmaq üzrədir. Yəqin ki, yaxın vaxtlarda bununla bağlı addım atacağıq.

- İnsan alverinin qurbanları əsasən kimlərdir və onlar necə olur ki, alverçilərin toruna düşürlər?

- Azərbaycanda insan alverinin ən geniş yayılmış forması qadınlarımızın aldadılaraq xarici ölkələrə aparılması və onların orada pasportları alınaraq, öz iradələrindən kənar müxtəlif işlərə cəlb olunmasıdır. Kişilərin də aldadılaraq xarici ölkələrə aparılması, onların orada pasportlarının əllərindən alınaraq ağır işlərə cəlb olunması halalrına rast gəlinir. İnsan alverçiləri öz qurbanlarını, xüsusilə də, gənc qızları təhsil və gəlirli işlərlə aldadaraq ölkədən çıxarırlar. Onların əksəriyyəti təhsilsizdir. Bəzilərini evlilik, bəzilərini turizm, bəzilərini modellik adı ilə aldadırlar. Vəd verirlər ki, onlarla ailə həyatı quracaqlar, olduqları ölkənin turizm mərkəzləri ilə tanış edəcəklər və ya model kimi hazırlayıb müxtəlif müsabiqələrə cəlb edəcəklər. Hətta bəzi qızları “sizdən aktrisa hazırlayacağıq” kimi vədləri ilə aldadaraq insan alverinin qurbanına çeviriblər. Onlar ilk başdan gənc qızların bütün xərclərini qarşılayıb olduqları ölkəyə aparırlar. Xanımları qarşılayıb pasportlarını əllərindən alırlar və müxtəlif aşağılayıcı işlərə cəlb edirlər, cinsi istismara məruz qoyurlar. Kişilər isə iş adı altında aldadılaraq xaricə aparılır. Onları zorla maldarlıqda və digər ağır işlərdə çalışdırırlar.Bununla bağlı Daxili İşlər Nazirliyi xeyli uğurlu əməliyyat həyata keçirib.

- İnsan alverinə qarşı ən effektli mübarizə üsulu hansılardır?

- İnsan alverinə qarşı ən effektli mübarizə maarifləndirmə, bilgiləndirməkdir. Bilirsiniz ki, Azərbaycan dövləti və o cümlədən, Daxili İşlər Nazirliyi tərəfindən insan alverinə mübarizə ilə bağlı müxtəlif konfranslar keçirilir, verilişlər, filmlər, sosial çarxlar hazırlanır. İnsan alveri ilə mübarizə üzrə ixtisaslaşmış QHT-lərin layihələrinə dəstək olunur. Daxili İşlər Nazirliyinin sosial səhifələrində insan alverilə bağlı paylaşımlar edilir. Eyni zamanda rəhbəri olduğum qeyri-hökumət təşkilatı bu günə qədər insan alverilə bağlı onlarla video-çarx, seriallar hazırlayaraq sosial şəbəkələrdə yayımlayıb. Amma bütün bunlarla kifayətlənə bilmərik. Orta məktəblərdə şagirdlər insan alveri barədə məlumatlandırılmalıdır. Bilgi insanı bəladan qurtaran ən yaxşı silahdır.

- Azərbaycanın İnsan alveri ilə mübarizəsini beynəlxaq təşkilatlar necə qiymətləndirir?

- Beynəlxalq təşkilatlar, xüsusilə də ABŞ Dövlət Departamenti, səfirliklər Azərbaycanda insan alverinə qarşı mübarizəni yüksək qiymətləndirirlər. Təəssüflər olsun ki, ikili yanaşmalar bu sahədə də müşahidə olunur. Mən deyərdim ki, dövlət və QHT-lərin insan alverinə qarşı birgə mübarizəsi Azərbaycanda olduğu kimi dünyanın heç bir ölkəsində yoxdur. Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyəti ilə elə bir əməkdaşlıq qurub ki, bu hətta ABŞ-nin özündə belə yoxdur. Bizim QHT-lərlə DİN arasında əməkdaşlıq çox yaxşıdır. Bir tədbir keçirmək, məlumat vermək istədikdə öncədən məktub yazmağa ehtiyac olmur. Bütün məsələləri adi telefon zəngi ilə həll edirik. Çünki Daxili İşlər Nazirliyi və onun İnsan Alverinə qarşı Baş İdarəsi özü maraqlıdır ki, QHT-lər bu sahədə fəal olsunlar. Xarici ölkələrdə isə insan alverinə qarşı mübarizə aparan QHT-lər hər hansı tədbir üçün dövlət qurumlarına öncədən məktub yazırlar və günlərlə cavab gözləyirlər. Bizim QHT Koalisiyasında təmsil olunan təşkilatlar uzun illərdir ki, insan alverinə qarşı mübarizə aparırlar və onların təşkil etdiyi bütün tədbirlərdə Baş İdarənin əməkdaşları iştirak edirlər. Milli koordinatorun tapşırığına əsasən Baş İdarənin də təşkil etdiyi tədbirlərdə QHT nümayəndələri mütləq dəvət olunurlar, çıxış edirlər. Dövlət birgə əməkdaşlıqda maraqlıdırlar. Bizim əməkdaşlığımız bir çox ölkələr üçün nümunədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər