ABŞ-nin ən böyük rəqibləri - Çin və Rusiya prezident seçkilərində Donald Trampın qalib gəlməsini istəyir. Rusiya lideri Vladimir Putinin Trampa üstünlük verdiyi heç kimə sirr deyil. İndi də Çin hökuməti Trampın seçki kampaniyasına kömək etmək üçün addımlar atır.
Teleqraf.com xəbər verir ki, “Nyu-York Tayms” (NYT) Çin və Rusiyanın Trampdan gözləntilərinin olduğunu yazır.
ABŞ nəşri iddia edir ki, Putinin Trampa üstünlük verməsi təsadüfi deyil. Prezident Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan beynəlxalq koalisiyaya rəhbərlik etdiyi halda, Tramp Ukraynaya dəstəyi dayandırmağa çalışır.
Çinin Trampa üstünlük verməsinin səbəbləri o qədər də aydın deyil. Çünki bu ölkəyə qarşı döyüşkən mövqe tutur. Nəşrin yazdığına görə, Pekin həm Bayden, həm də Trampdan narazı görünür. Amma Çin liderlərinin Trampın ikinci müddətindən faydalana biləcəyi bir məqam var: bu da onun qlobal siyasətə qarışmaması ilə əlaqəlidir.
Bayden dünyanın “avtokratiya ilə demokratiya arasında mübarizənin ortası”nda olduğuna inanır, bu çərçivədə Ukraynanı Rusiya, Tayvanı da Çinə qarşı müdafiə edir. Tramp bu məsələlərə az maraq göstərir. O, “öncə Amerika” şüarının müdafiəçisidir. Üstəgəl, ABŞ-nin beynəlxalq münaqişələrdən qaçmasına üstünlük verir, müqavilə və ittifaqlara şübhə ilə yanaşır. Xüsusən də NATO-ya... Bütün bunlar Rusiya və Çinin – Amerikanın əzəli rəqiblərinin işinə yarayır.
NYT qeyd edir ki, Moskva və Pekin üçün bu inanclarına sadiq olan Trampın ABŞ-nin başında dayanmasının üstünlükləri çox böyükdür.
Trampın Çin və Rusiya üçün yeni hakimiyyət dönəminin ikinci böyük faydası ABŞ-də yarana biləcək daxili xaosdur. Tramp Amerikanı özündən əvvəlki prezidentlərdən fərqli şəkildə idarə etmişdi.
Nəşrin fikrincə, Trampın ikinci dövründə problemlər daha da pisləşə bilər. Tramp öz səlahiyyətlərindən siyasi rəqiblərini araşdırmaq və potensial olaraq həbs etmək üçün istifadə edəcəyinə söz verib. Həmçinin tərəfdarlarını öz məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə etməyə təşviq etmişdi. Bu, bir çox demokratları qəzəbləndirmişdi.
“ABŞ-dəki siyasi xaos digər ölkələrə qlobal təsir imkanlarını artırmağa şərait yarada bilər”, - NYT vurğulayır.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Hazırda ictimai rəy sorğuları Donald Trampın şanslarının əsas rəqibi Co Baydendən yüksək olduğunu göstərir.