Rusiya ordusu gecə saatlarında Ukraynanın cənub vilayətlərini hücum PUA-ları və raketlərlə hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Müdafiə Qüvvələri məlumat yayıb.
“Əməliyyat zonasında 5 saata yaxın hava hücumu zamanı müdafiə qüvvələri və vasitələrimizin gərgin döyüşləri davam edib. Düşmən cənub istiqamətindən “Şahid-131” və “Şahid-136” tipli PUA-larla (İran istehsalı) hücuma keçib. 14 PUA məhv edilib. Dronlar Xerson, Zaporoje, Dnepropetrovsk və Nikolayev vilayətlərində vurulub”, - açıqlamada deyilir.
Xerson vilayətində mülki obyektlərə zərər dəydiyi bildirilir.
Rusiya ordusu səhər saatlarında Zaporojeni raketlərlə vurub. Hücum nəticəsində sənaye müəssisələri dağıdılıb.
Bundan əlavə, Rusiya gecə saatlarında Qara dənizdən Odessa vilayətinə idarəolunan raketlərlə zərbələr endirib.