6 Aprel 14:26
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Finlandiya ilə münasibətləri əvvəlki kimi olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov deyib.

“Finlandiyanın NATO-ya daxil olması Avropanın şimalındakı strateji vəziyyəti kökündən dəyişdi. Ölkələrimiz arasında yaxın vaxtlara qədər mehriban qonşuluq və əməkdaşlıq ərazisi adlandırdığımız 1300 kilometrdən çox olan sərhəd qarşıdurma xəttinə, nəticədə əvvəllər sabit olan region indi potensial eskalasiya zonasına çevrilir”, - diplomat bildirib.

Kuznetsov qeyd edib ki, Helsinkidə də Finlandiyanın NATO-nun cəbhə xətti və ya cəbhə dövlətinə çevrilməsi ilə bağlı müzakirələr gedir.

“Finlandiya və NATO hərbçilərinin istənilən plan və hərəkətləri ciddi şəkildə izlənilir və müdafiə planımızda nəzərə alınır. Rusiya alyansın sərhədləri yaxınlığında hərbi potensialının artırılmasını cavabsız qoymayacaq. Reaksiya adekvat olacaq, amma mütləq simmetrik yox, milli təhlükəsizliyimizin maraqlarına əsaslanacaq”, - səfir vurğulayıb.

Kuznetsov NATO-nun nüvə silahlarının payızda Finlandiyada yerləşdirilməsi məsələsinə də toxunub:

“Bu hərəkətlərin təhlükəsizliyimizə gətirəcəyi real təhlükələrdən asılı olaraq konkret addımlar hazırlanacaq”.

Diplomat hesab edir ki, vəziyyətin gələcək inkişafı Helsinkinin mövqeyindən asılı olacaq:

“İki ildən çoxdur əzmlə bütün münasibətləri, Rusiya ilə qalan əlaqələri də pozmağa çalışırlar. İndi o nöqtədəyik ki, daha çox deqradasiyadan danışmaq çətindir. Qorxuram ki, məhv edilməsi mümkün olan sahələr çox deyil”.

Səfir qeyd edib ki, Finlandiya siyasi rəhbərliyinin səyləri sayəsində Rusiya ilə qarşılıqlı əlaqə demək olar tamamilə məhv edilib.

Kuznetsov əlaqələrin bundan sonra əvvəlki kimi olmayacağını da söyləyib:

“Finlandiyanın hazırda təcavüzkar hərbi blokun üzvü olduğunu nəzərə alsaq, əvvəlki əməkdaşlıq formatına qayıtmaq mümkün olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər