Rusiya müdafiə nazirinin müavini Timur İvanovun korrupsiyada şübhəli bilinərək həbsi ölkənin siyasi elitasının əksəriyyətinin labüd kadr dəyişikliyi gözlədiyi bir vaxtda müdafiə naziri Sergey Şoyquya ciddi zərbə vurur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Nəşrin iddiasına görə, Prezident Vladimir Putinin yeni müddətə seçildikdən sonra yeni nazirlər kabinetini təsdiq üçün təqdim edəcəyi gözlənilir, bu da hakimiyyət uğrunda pərdəarxası mübarizəyə səbəb olub:
"Bu mübarizə fonunda ilk baxışda Şoyqunun komandasının yüksəlişdə olduğu görünürdü ki, buna Rusiyanın Ukraynaya son hücumu və Şoyqunun ən qatı tənqidçisi və rəqibi olan "Vaqner"in komandiri Yevgeni Priqojinin ölümü şərait yaratmışdı. Amma 2016-cı ildən bəri vəzifədə olan yüksək rütbəli məmur İvanovun həbsi, xüsusən də onun məhkəməyə gətirilmə üsulunu nəzərə alsaq, Şoyqunun taleyində dəyişiklik olduğunu söyləmək olar".
Nəşr vurğulayır ki, Şoyqu Ukraynaya hücumun ilk həftələrindəki uğursuzluqlara, eləcə də qısa müddətdə başa çatacağı iddia edilən “xüsusi hərbi əməliyyat”ın üç il davam etməsinə baxmayaraq, indiyə qədər öz rolunda qalır. Rusiya müdafiə naziri ötən il ona və digər hərbi liderlərə qarşı qiyam qaldıran Priqojinin bu addımı və sərt tənqidinə də tab gətirmişdi. Amma nəşr hesab edir ki, elitasındakı hər hansı klanın həddən artıq güc qazanacağından ehtiyatlanan Putin Şoyqu ilə Müdafiə Nazirliyi arasında güc mərkəzini tarazlaşdırmaq üçün yeni yol tapmalı olduğu qənaətinə gəlib. Ötən ilədək bu rolu Priqojin oynamışdı.
Həmçinin İvanovu asan hədəfə rəsmi imkanlarından açıq şəkildə kənara çıxan ekstravaqant həyat tərzi çevirdi.
"Hakimiyyətin daha çox himayədarlıq yolu ilə bölüşdürüldüyü bir qrupda bəzən özünüzü kiminsə qəzəbinin yanlış tərəfində tapmağınız qaçınılmazdır", - britaniyalı general Cim Hokkenhal deyir.
Nəşr vurğulayır ki, müharibə uzandıqca hakimiyyət və pula can atan bu qruplara təzyiqlər də artır:
"Bəzən baş verənlərə görə günahı öz üzərinə götürmək üçün kimsə seçilir".