ABŞ-nin Qazaxıstandan aldığı iddia edilən sovet dövründən qalma döyüş təyyarələrinin önəmli hissəsi Ukraynaya veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Valeri Romanenko deyib.
Onun sözlərinə görə, texnikaların ehtiyat hissələri və ya planerlər şəklində Ukraynaya verilməsi mümkündür ki, bunlar da Rusiya ordusunun zərbələrini yayındırmaq üçün süni hədəf kimi aerodromlarda yerləşdirilə bilər.
Eyni zamanda, ekspertin fikrincə, bu təyyarələrin bəzilərini təmir etmək mümkün olacaq:
“Məsələn, MiQ-29 və Su-24 təyyarələri. Hər ikisi Ukraynada təmir edilə bilər, təyyarələr 30 ildən çox istismar olunub. Bunların təmirində təcrübə var. Bəlkə də bu təyyarələrdən bir neçəsi istifadəyə veriləcək”.
Romanenko qeyd edib ki, ABŞ-nin Su-24 bombardmançı təyyarələrini alması Ukrayna üçün xüsusilə vacib məqamdır:
“Bunlar indiyədək “Storm Shadow” və SCALP qanadlı raketlərinin yeganə daşıyıcılarıdır. Bu, bizim üçün çox vacib məsələdir, çünki ruslar bu təyyarələri asan ovlayırlar. Demək olar ki, bütün reydlər bu təyyarələrin yerləşdiyi Starokostantiniv aerodromuna fokuslanıb. Onlar bu aerodromu sovet vaxtından yaxşı tanıyırlar”.
Ötən gün “Kyiv Post” qəzeti yazıb ki, ABŞ öz təyyarə parkını yeniləyən Qazaxıstandan sovet dövründən qalma 81 döyüş təyyarəsi alıb. Qazaxıstan köhnə 117 qırıcı və bombardmançı, o cümlədən 1970-1980-ci illərə aid MiQ-31 qırıcıları, MiQ-27 bombardmançıları, MiQ-29 qırıcıları və Su-24 bombardmançılarını hərraca çıxarıb. Məlumata görə, elan edilən satış qiyməti 1.5 milyon dollara bərabər olub.
Qazaxıstanda sovet təyyarələrinin ABŞ-yə satılması ilə bağlı məlumat təkzib edilib. “Kazspecexport” şirkəti bildirib ki, hərrac yalnız Qazaxıstanın hüquqi şəxsləri arasında keçirilib.