“Cisco” şirkəti qızlar üçün “Cisco IoT World Forum Young Womens Innovation Grand Challenge” - “Əşyaların interneti” sahəsində innovasiyalar üzrə beynəlxalq müsabiqə elan edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, müsabiqədə 13-18 yaşında qızlar iştirak edə bilərlər. Müsabiqəyə təhsil, səhiyyə, sənaye, energetika, pərakəndə satış, nəqliyyat, dövlət qurumları, idman, neft-qaz sektoru, əyləncə sənayesi, “ağıllı” şəhərlər üzrə “Əşyaların interneti” konsepsiyasına uyğun gələn həllərin istifadəsi və tərtibatına əsaslanan texnoloji layihələr qəbul olunur.
Müsabiqə iki tur üzrə keçirilir: martın 25-dək davam edəcək birinci turda iştirak üçün “http://iotchallenge-cisco.younoodle.com/” saytına ingilis dilində fərdi və ya komanda şəklində müraciət olunmalıdır. Layihələr problemin orijinallığı, yaradıcı yanaşma və icra mümkünlüyünə görə qiymətləndiriləcək. Birinci turun nəticələrinə əsasən 20 finalçı layihə seçiləcək və onların müəllifləri mayın 11-dək layihənin təqdimatını və videoçarxını hazırlamalı olacaqlar.
Mayın 27-də artıq müsabiqənin qaliblərinin adları açıqlanacaq və onlara 20 min dollar həcmində “Cisco” qrantı təqdim ediləcək. Daha 40 min dollar ikinci yeri tutmuş dörd iştirakçı komanda arasında bərabər şəkildə bölünəcək.
Üçüncü yerə layiq görülmüş qalan 5 iştirakçı komandanın hər birisi 5 min dollar mükafat alacaqlar. Müsabiqənin finalı aprelin 23-də, Beynəlxalq İKT-də Qızlar Günündə baş tutacaq və həmin günü qızlar öz layihələrini təqdim edərək mükafatlarını alacaqlar.