Türkiyə Çinin uyğurlara münasibətini dəyişdirməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyə-Çin münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
“Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə üçgünlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Şərqi Türküstan) paytaxtı Urumçiyə getməsi, orada məscidə baş çəkməsi və bazarda uyğurlarla fikir mübadiləsi aparması təqdirəlayiqdir. Səfərdən bir gün əvvəl Hakan Fidanın Urumçi və Kaşğarın Çin mədəniyyətinə böyük töhfələr verən qədim türk-müsəlman şəhərləri olduğunu vurğulaması Pekinə yumşaq mesajdır.
Aydındır ki, bir səfərlə Pekin uyğurlara qarşı tətbiq etdiyi sərt siyasətdən, zorakı qaydaların tətbiqindən imtina etməyəcək. Bütün hallarda Ankara Pekinin uyğurlara münasibətinin dəyişməsinə çalışır. Dünyanın əksər dövləti Çinlə iqtisadi əlaqələri genişləndirmək və ortaq layihələr reallaşdırmaq istəyir, bu ölkənin maliyyə imkanlarından faydalanmağa çalışır. Türkiyə də istisna deyil.
Ankara Pekinlə dialoqunda uyğur mövzusunu arxa plana keçirmir, Hakan Fidanın səfəri buna sübutdur. Bunun yetərli olmadığını söyləyənlər ola bilər, ancaq Türkiyə xaricində hansı müsəlman ölkəsi uyğurlar üçün bundan artığını edir?”.