Birləşmiş Ştatlar İsrailə dörd israilli girovun tapılıb xilas edilməsinə səbəb olan kəşfiyyat məlumatları təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” Amerika və İsrail rəsmilərinə istinadən yazır.
Məqalədə deyilir: “İsraildə yerləşən ABŞ-nin girovları xilasetmə qrupu dörd girovu xilas etmək səylərində İsrail hərbçilərinə kəşfiyyat məlumatı və digər maddi-texniki dəstək verməklə kömək edib”.
Mənbələrdən biri bildirib ki, İsraildəki amerikalı və britaniyalı mütəxəssislər İsrail kəşfiyyatına girovlarla bağlı məlumatları toplamaq və təhlil etməkdə kömək edir. İsrail rəsmisi deyib ki, ABŞ və Böyük Britaniya havadan və kiberməkandan kəşfiyyat məlumatları toplaya bilər, İsrail hələ ki, bacarmır.
NYT yazır ki, ABŞ Fələstin HƏMAS hərəkatının girovlarının və liderlərinin yeri ilə bağlı məlumatları İsrailə ötürür.