28 İyun 10:37
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və HƏMAS Qəzzada atəşkəs razılaşmasına nail ola bilməsə, yaxın bir neçə gündə İsrail və “Hizbullah” arasında genişmiqyaslı qarşıdurma başlaya bilər. Bunu ABŞ kəşfiyyatının məlumatları sübut edir.

Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi hərbi-siyasi mənbələrə istinadla “Politico” yazır.

Amerika rəsmiləri hər iki tərəfi gərginliyin azaldılmasının zəruriliyinə inandırmağa çalışır. Nəşr bildirir ki, Qəzzada atəşkəs rejimi yaradılsaydı, bu iş xeyli asanlaşardı. Amma tərəflər hazırda gərginliyin ortasındadır, ABŞ İsrail və HƏMAS-ın yaxın gələcəkdə təkliflərlə razılaşacağına əmin deyil.

ABŞ rəsmisi deyib ki, artıq İsrail ordusu və “Hizbullah”ın döyüş planları hazırdır, kənardan əlavə silahlar almağa çalışırlar.

Hər iki tərəf açıq şəkildə müharibə istəmədiklərini söyləyirlər, amma Vaşinqton bunun qarşısını almaq səylərinə baxmayaraq, ağır döyüşlərin başlayacağına getdikcə daha çox inanır. Başqa bir rəsminin fikrincə, indi belə bir müharibə riski son həftələrdə heç vaxt olmadığı qədər yüksəkdir.

Nəşr hesab edir ki, “Hizbullah”la mümkün müharibə ABŞ-ni İsraili müdafiə etməyə məcbur edəcək, bu da münaqişəni alovlandıracaq.

Bəzi Avropa ölkələri də İsraillə “Hizbullah” arasında müharibənin bir neçə günə başlaya biləcəyini düşünür. Qitənin bir çox ölkəsi artıq öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib. ABŞ Dövlət Departamenti də Amerika vətəndaşları üçün tövsiyə verib və onları Livana səyahətə yenidən baxmağa çağırıb.

Rəsmilər müharibənin dəqiq nə vaxt başlayacağının bəlli olmadığını vurğulayıblar, amma qeyd ediblər ki, İsrail öz ehtiyatları və hərbi imkanlarını tez bir zamanda bərpa etməyə çalışır.

ABŞ rəsmisinə görə, İsrail-Livan sərhədində gərginliyin artması və atəşkəs danışıqlarında önəmli fəallığın olmaması bölgəni savaşa aparır.

“Nəsrullahın (Hizbullah lideri, - red.) məntiqi budur ki, bütün bunlar Qəzza ilə bağlıdır, Qəzzada atəşkəs əldə olunmayana qədər İsrailin hücumu dayanmayacaq”, - Bayden administrasiyasının yüksək rütbəli rəsmisi vurğulayıb.

ABŞ rəsmiləri “Politico”ya bildiriblər ki, kəşfiyyat müharibənin xəbərdarlıq edilmədən başlayacağını proqnozlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər