8 İyul 13:52
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın radikal sağçı Vlaams Belanq (VB) və Hollandiyada Gert Vildersin rəhbərlik etdiyi Azadlıq partiyaları (PVV) Macarıstan Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi Avropa Birliyi (AB) əleyhinə olan “Avropa Vətənpərvərləri” Alyansına qoşulub.

Teleqraf.com xəbər verir ki, VB-nin lideri Tom van Qriken Orbanın Avropa Parlamentində (AP) qurmağa çalışdığı yeni siyasi alyansa qoşulduqlarını açıqlayıb.

“Avropada yeni külək əsir. Milliyyətçi partiyalar həmişəkindən daha güclüdür. Avropaya olan sevgimizə görə daha az AB və daha az miqrasiya vaxtıdır”, - van Qriken deyib.

Vilders də PVV-nin “Avropa Vətənpərvərləri”nə daxil olduğunu bəyan edib: “Biz PVV vətənpərvərləriyik, güclü və suveren millətimizi sevirik. Qanunsuz miqrasiyaya qarşı müqavimət göstəririk, sülh və azadlığı müdafiə edirik və Ukraynanı dəstəkləyirik. Yəhudi-Xristian irsimizi və ailələrimizi qoruyuruq”.

Sözügedən partiyaların qatılması ilə “Avropa Vətənpərvərləri” AP-də siyasi fraksiya olmaq üçün ən azı 7 ölkədən üzv tələbini yerinə yetirmiş oldu. Orbanın yeni qrupun yaradılması ilə bağlı rəsmi açıqlamanı sabah verəcəyi gözlənilir.

AP-yə son seçkilərdə radikal sağçıların qələbəsindən sonra siyasi partiyalar arasında ittifaqlar formalaşmağa başlayıb. İyunda Vyanada bir araya gələn sağçı və AB əleyhdarı Avstriya Azadlıq Partiyası (FPÖ), Macarıstan Vətəndaş Birliyi (Fidesz) və Çex Narazı Vətəndaşlar Hərəkatı (ANO) təşkilatlarının nümayəndələri AP-də “Avropa Vətənpərvərləri” adlı ittifaq qurduqlarını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər